"Qəhrəman"ını it kimi gəbərdən millət - İrəvanın parlament terrorundan 23 il ötür

  "Qəhrəman"ını it kimi gəbərdən millət  - İrəvanın parlament terrorundan 23 il ötür
  27 Oktyabr 2022    Oxunub:2396
Bu gün Ermənistan tarixində baş vermiş ən müəmmalı və qalmaqallı terror hadisəsindən 23 il keçir. 1999-cu ilin oktyabrın 27-də Nairi Hunanyanın başçılıq etdiyi bir qrup silahlı şəxs Ermənistan Milli Assambleyasının iclas zalına basqın edərək siyasətçiləri gülləbaran ediblər.
Parlamentdə hökumət nümayəndələri ilə sual-cavab xarakterli iclas keçirilməli və deyilənlərə görə hətta Qarabağ məsələsinin həlli istiqamətində ciddi addımlar da atılmalı idi. Lakin 17:15 radələrində uzun paltolarının altında kalaşnikov avtomatlarını gizlədən terrorçular rahat şəkildə iclas zalına qədər gəlib çıxa biliblər. Silahlı hücum nəticəsində qanunvericilik və icra hakimiyyəti orqanlarının mühüm fiqurları qətlə yetirildi. Həmin terrordan sonra ölkə rəhbərliyində de-fakto mühüm qərarlar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürülməsi bir sıra suallar yaratdı. Vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Armenak Armenakyan, Henrik Abramyan, Mikayel Kotanyan və əməliyyat işləri üzrə nazir Leonard Petrosyanın əvvəlcədən planlaşdırılan "ölüm siyahısı" üçün bilərəkdən seçildiyi iddia olunur. Hətta terrorçular 30 nəfəri də yaralayıblar.

Maraqlıdır ki, silahlı qrupun üzvləri dövlət çevrilişi həyata keçirdiklərini iddia ediblər. Onlar öz hərəkətlərini "vətənpərvər" və "millətin heysiyyatının yenidən qaytarılması üçün vacib addım" olaraq qiymətləndiriblər. Zalda qışqıran silahlılar "hakimiyyəti millətə yaşatdıqları hadisələrə görə cəzalandırmaq istədiklərini" deyiblər və hökuməti "xalqın qanını içən" mənfəətçilər adlandırıblar. Terrorçular Ermənistanın "fəlakətli bir vəziyyətdə" olduğunu və "korrupsioner məmurların" çıxış yolu tapmaq üçün heç bir iş görmədiklərini iddia ediblər.

Parlament gülləbaranı ilə Koçaryanın əlaqəsi - Terrorçu MTX agenti olub
Vazgen Sarkisyan isə qrupun əsas hədəfi olub. Hadisə şahidlərinin sözlərinə görə, silahlılar Sarkisyana tərəf gedərək "yetərincə qanımızı içdin" deyə qışqıranda, Vazgen sakit şəkildə belə cavab verib: "Hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir".

Vazgen Sarkisyan amansızlıqla öldürülüb, ona bir neçə güllə atılıb. Hətta sonradan siyasətçilərdən biri "iti, heyvanı belə bir güllə ilə gəbərdirlər, insanı belə öldürmək ciddi siyasi mesaj olmalı" idi demişdi.

Başqa bir diqqət çəkən məqam isə Hunanyanın "milləti pis vəziyyətə salan" Sarkisyan istisna olmaqla, digər ölən və yaralananların hamısının hadisənin "günahsız qurbanlar"ı olduğunu söyləməsi olub.

Terrorçular haqqında hökm yalnız 2003-cü il dekabrın 2-də elan edilib. Nork-Maraş Rayon Məhkəməsinin hakimi Samvel Uzunyan ağır cinayət törətmiş 7 terrorçu haqqında hökm çıxarıb. Hökmə əsasən, 6 nəfər ömürlük, 1 nəfər isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bu müəmmalı terror hadisəsindən 23 il keçsə də, cinayətin üstü hələ də tam şəkildə açılmayıb. Çünki erməni ictimaiyyəti əməliyyatın icraçılarının görüntü naminə cəzalandırıldığını düşünür. Məlum "siyasi təmizləmə" əməliyyatının sifarişçilərinin bilərəkdən üzə çıxarılmaması isə xalqda ciddi şübhələr yaradıb.

Çünki Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Koçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum isə ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Tez-tez avtoritar rejim yaradan şəxs kimi tənqid olunan eks-prezident və hərbi cani Robert Koçaryanın bu işlərdə əlinin olması hələ də müzakirə mövzusu olaraq qalır.

Ekspertlər bu terror aktını Qarabağ münaqişəsinin həllinə qarşı yönəlmiş cinayət kimi də xarakterizə edirlər. Belə ki, Koçaryandan əvvəlki prezident Ter-Petrosyan Dağlıq Qarabağ məsələsində geriyə addım atmağa hazır imiş. Lakin hadisələrin bu cür inkişafından münaqişənin dondurulmasında maraqlı olan Rusiya rəhbərliyi və müəyyən dairələr narazı idilər. Bu mənada istisna edilmir ki, parlament gülləbaranı birbaşa Moskvanın təlimatı və Koçaryanın xəbəri olaraq həyata keçirilib. Oktyabr hadisələri faktiki şəkildə Azərbaycan ərazilərinin işğalını və münaqişənin nizamlanması prosesini bilərəkdən daha da uzadılması üçün Qarabağ klanını Ermənistanda hakimiyyətə gətirdi.

Sarkisyan və Dəmirçyan cütlüyü aradan götürüldükdən sonra onlar Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər.

Qeyd edək ki, gənc yaşlarından qatı millətçi, antiazərbaycan, antitürk təbliğatçısı kimi tanınan Vazgen Sarkisyan 1990-cı ildə Ermənistan Ali Sovetinə deputat seçilib. O, Dağlıq Qarabağ hadisələri başlanan gündən erməni hərəkatının ən fəal üzvlərindən biri sayılıb və Dağlıq Qarabağda ilk silahlı dəstələrin yaradıcılarından biri olub. Vazgen Sarkisyan 1991-ci ildə Ermənistanın ilk müdafiə naziri təyin edilib. O, nazir kimi fəaliyyətini Ermənistanda deyil, Azərbaycanın Qarabağ ərazisində icra edib.

Vazgen Sarkisyan Şuşanın və Laçının işğal edilməsini özünün ən böyük “uğuru” sayırmış. O, Ağdərədə, Şuşada, Xocalıda, Laçında, Xocavənddə keçirilən əsas hərbi əməliyyatlara rəhbərlik edib. İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa edən qəhrəman hərbçilərimiz hərbi cani Vazgen Sarkisyanın Şuşada ucaldılmış heykəlini də ləğv ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Terror   Qarabağ  





Xəbər lenti