"Şuşanı azad edənlərə 100 milyon verəcəkdim" - Keçmiş iş adamı (VİDEO)

 "Şuşanı azad edənlərə 100 milyon verəcəkdim" -  Keçmiş iş adamı (VİDEO)
  01 Noyabr 2022    Oxunub:6326
Dağlar Səfərov Qəbələ rayonunun Laza kəndindəndir. Uzun müddət iş adamı kimi fəaliyyət göstərib. Birinci Qarabağ Müharibəsi zamanı hərbi hissələrə yardımı və əsgərlərlə görüşü ilə yaddaşlarda qalıb. 1993-cü ildə baş tutmuş həmin görüşdə Dağlar Səfərov üzünü əsgərlərə tutub deyirdi: "Şuşaya birinci girən və şəhəri işğaldan azad edən dəstəyə 100 milyon pul verəcəyəm".
- 1983-ü ildə Neft-Kimya Prosesləri İnstitutunu bitirmişəm. Ondan sonra Tümenə gedib orada çalışmışam. Tumendə olarkən gördüm ki, Azərbaycanda vəziyyət pisdir, milyonlarla qaçqınlarımız var. Özümə borc bildim ki, Vətənə, köçkünlərimizə kömək edim. Azərbaycanda Xocalı camaatına birinci yardımı edən mən olmuşam. Hətta 1992-ci ildə 20-yə yaxın tankın pulunu ödəyib, vaqonlarla Azərbaycana göndərmişəm. İndi həmin hərbi hissələr qalmayıb.


1993-cü ildə əsgərlərlə görüşümdə demişdim ki, hansı dəstə Şuşanı alsa, mən ona 100 milyon rus rublu verəcəyəm. O vaxt imkanım var idi. 15 milyon pulu elə görüş zamanı hərbi hissələrə paylamışdım. Düşünürdüm ki, cəbhədə deyilməsə, cəbhədəkilərə necəsə yardım etməliyəm. Şuşa Vətən müharibəsində işğaldan azad olunanda həmin günləri xatırlayıb doluxsundum, arzum yerinə yetmişdi. Onu da deyim ki, bu müharibədə iki oğlum iştirak etdi.

Həmsöhbətim bildirir ki, 1994-1995 ci illər ərzində hər ay məcburi köçkünlərə maaş verirmiş:
- İndiki pulla 250-300 manat verirdim. Xocalıdan olan yaralı məcburi köçkünləri "Semaşko" xəstəxanasına gətirmişdilər. Mən ora getdim, onlara pul yardımı etdim. Bir qız var idi, hər iki ayağı kəsilmişdi. O səhnə, heç vaxt gözümün önündən getmir. Salatın Əhmədova da orada idi. Bu o qız idi ki, anası meşədə boğmuşdu, uşaq ölüb bir neçə gün sonra dirilmişdi. Mən Salatını qucağıma götürüb dedim, "bu qız böyüyəndə oğluma alacağam.Verin mənə, aparıb evimdə saxlayım". Sonradan həmin qızın taleyindən xəbərsiz oldum. İndi həmin günləri xatırlayanda istər-istəməz ürəyim titrəyir. Kömək etdiyim insanlar, köçkünlər adımı nəvələrinə qoyurdular.


Dağlar müəllim indi də Vətən müharibəsi şəhidlərinin adını əbədliləşdirmək istəyir. O bu niyyətlə təklif də irəli sürüb:
- 44 günlük müharibədə 3 minə yaxın şəhidimiz olub. Qəbələdə meşə ərazisi var. Oradan 2 hektar torpaq sahəsi götürmək və hər şəhidimizin adına bir qoz ağacı əkmək istəyirəm. Yanında da şəhidin portretini qoyacağıq. Gələcəkdə həmin ağacın meyvəsi şəhid ailələrinə çatdırılacaq. Bu olacaq Şəhidlər bağı.Təkliflə bağlı Prezidentə məktub yazmışam, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət etmişəm.

İş adamının maraqlı hobbisi də var. O, fəaliyyəti müddətində dünyanın 22 dövlət başçısı ilə görüşüb və Bakıdakı xalça sexində toxutdurduğu xalçaları onlara təqdim edib. Heydər Əliyevə isə 130-dan çox xalça toxutdurub.

- Belə təşəbbüslərdən biri də Fidel Kastro ilə bağlı olmuşdu. Danışıqlar aparıldı və Fidelin iki şəklini də götürüb, 2011-ci ildə Kubaya getdim. Orada Çeçenistandan olan bir qadının evində qalırdım. O, kubalıya ərə gedib, orada qalmışdı. 8 gün Havana şəhərində prezidentlə görüş üçün uyğun vaxtı gözlədim. Həmin müddətdə ölkənin yaşayışı diqqətimdən qaçmadı. Mən gedən vaxtı Kuba deyərdim ki, Yer Kürəsinin ən ac ölkəsi idi. Çörək belə tapılmırdı. Orada hər gün hər adama 30 qram çörək payı verilirdi. Camaat 20 peso maaş alırdı. Hər kəs KQB agenti idi. Arvad kişidən, kişi arvaddan şikayət edirdi. Evlərdə dinləmə cihazı var idi. Ölkədə bir dövlət kanalı fəaliyyət göstərirdi. Evində qaldığım çeçen qadın ölkəyə aid məlumatları heç vaxt danışmazdı, deyərdi ki, bizi dinləyirlər.
Orada bir çəkməçini həbs etmişdilər. Səbəbini soruşanda dedilər ki, kapitalistdir. Nə var-nə var, bir neçə çəkmə satıb və özünə maqnitafon alıb, və kapitalist olub. Gülməli sözlər danışırdılar.
Fidel Kastro bizimlə görüşəndə tərcüməçidən imtina etdi, çünki rus dilində çox yaxşı danışırdı. Mən ona iki ədəd xalça aparmışdım. Biri onun general, digəri isə vətəndaş formasında idi. 40 dəqiqə söhbət etdik. Heydər Əliyev haqqında maraqla danışdı. Söhbətimizin bir yerində ona bildirdim ki, Azərbaycanda da sosializm olub. Amma vəziyyət belə deyildi. Kubada isə insanlar aclıqdan əziyyət çəkir. Fidelə sual verdim ki, “niyə ölkənizdə çörək yoxdur?” Bu sualım ona xoş gəlmədi. Mənə cavab vermədi və ayağa durub getdi. Rəsmi şəxslər məni təyyarəyə mindirib düz Azərbaycana yolladılar. Başa düşdüm ki, Fidelə bu sualı verməklə səhv etmişəm. Amma nə etmək olardı, artıq olmuşdu.
Kubada olarkən futbolçu Dieqo Armando Maradona ilə də qarşılaşmışam. Onunla şəkil çəkdirmək istəyəndə köməkçisi bunun üçün 400 dollar pul ödəməli olduğumu bildirdi. Buna görə də şəkil çəkdirə bilmədim . Halbuki, Argentina Futbol Federasiyasına onun da şəkli olan xalça toxutdurub göndərmişdim.


Dağlar Səfərov nə az-nə çox, düz 4 dəfə Pakistanın 12-ci prezidenti Pərviz Müşərəffin qonağı olub: "Pərviz Müşərrəflə dost olmuşam. 4 dəfə onun evində qonaq qalmışam. Türk dilini bilirdi. Çox mehriban və zaraftcıl insan idi. Mən onunla görüşən günün səhərisi harasa səfər edirdi. Dedi, “istəyirsən, mənimlə gedək, sən mənim qonağımsan”. Azərbaycanı sevən bir insan idi".

Maraqlı məqalardan biri də Şimali Koreya lideri Kim Çen Inla yaşanıb. Şimali Koreyanın Rusiyadakı səfirliyinə məktub yazan Dağlar müəllim bir ildən sonra cavab alıb. Beləliklə, Kim Çen Inın da xalça-şəkli ona çatdırlıb.


- Kim hədiyyəni çox bəyənmişdi. Hətta mənə bir ildən sonra ora getmək üçün viza da verilmişdi. Səfirlikdən bildirdilər ki, xalçaların şəkilləri çıxarılıb və Şimali Koreyanın bir neçə şəhərində yollarda asılıb. Üzərində də azərbaycan dilində “Dağlar Səfərov hədiyyə edib” yazılıb. İndi yəqin ki, bütün Koreya məni tanıyır (gülür).
Hətta Donald Trampa da xalça toxumuşdum. Moldavanın prezidenti ilə çox yaxşı görüşlərimiz olub. Saat yarım söhbət etdik. Viski içdik. Məni dost kimi qarşıladı. Abdulla Gül və Əhməd Davudoğlu ilə də görüşmüşəm.
Tehran Mənsimovla da dostam. Onun üçün də xalça toxutdurmuşam. Gözəl insan və vətənpərvər hərbçidir.



























Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti