Cüdoçularımız qızıl medal qazanıblar

Cüdoçularımız qızıl medal qazanıblar
  07 Noyabr 2022    Oxunub:1256
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə noyabrın 6-da yekun vurulub. Heydər Əliyev adına İdman Arenasında təşkil olunan yarışda 61 ölkədən 366 (206 kişi, 160 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Doğma azarkeşlər önündə keçirilən nüfuzlu turnirdə ölkəmiz 37 (28 kişi, 9 qadın) cüdoçu ilə təmsil olunub.
Komandamız 3 gün davam edən yarışda 4 qızıl və 2 bürünc medal qazanaraq, ümumi medal sıralamasında birinci yeri tutub. Mükafatçılar sırasında "Judo Club 2012”nin cüdoçuları - Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) də yer alıb. Bir müddət əvvəl klubla müqavilə imzalayan hər iki cüdoçu turniri qızıl medalla başa vurublar.

İkinci yarış günündə mübarizəyə başlayan Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionuSəid Mollayi Alfonso Urquiza (İspaniya), Somin Mehmmedbekov (Tacikistan), Askerbi Gerbekov (Bəhreyn) və Attila Unqvariyə (Macarıstan) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada belçikalı Mattias Kasse üzərində qələbə qazanan Səid nüfuzlu yarışın qalibi olub.

"Böyük dəbilqə”nin sonuncu günündə tatami üzərinə çıxan klubumuzun digər üzvü Zelim Kotsoyev də finala qədər inamla irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı çilili Tomas Briseno, türkiyəli Mert Şişmanlar, ukraynalı Anton Savyetski və macarıstanlı Zombor Veqə qalib gələrək finala vəsiqə əldə edib. Finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gələn Zelim bu görüşdə də rəqibinə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Klubun digər üzvü Murad Fətiyev (90 kq) isə yarışları 7-ci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan komandasına digər qızıl medallarıBalabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Kəramət Hüseynov (60 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Camal Qamzatxanov (+100 kq) qazandırıb.


Teqlər: Cüdo  





Xəbər lenti