AzTU daha bir Türkiyə universiteti ilə əməkdaşlığa başladı

AzTU daha bir Türkiyə universiteti ilə əməkdaşlığa başladı
  08 Noyabr 2022    Oxunub:1291
8 Noyabr – Zəfər Günündə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Hitit Universiteti arasında əməkdaşlıq haqqında memorandum, tələbə mübadiləsi haqqında memorandum və “Erasmus+” mübadilə proqramı haqqında müqavilənin imzalanması mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, imzalanma mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Hitit Universitetinin rektoru Ali Osman Öztürk, Çorum Valisi Mustafa Çiftçi, Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın və digər şəxslər iştirak edib.

Rektor Vilayət Vəliyev hazırda AzTU ilə Türkiyənin nüfuzlu universitetlərinin əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb. Bildirib ki, Türkiyə universitetləri ilə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. AzTU və Hitit Universitetinin müvafiq ixtisasları ilə bağlı da yeni əməkdaşlıq istiqamətlərinin qurulması üçün mövcud imkanların olduğu vurğulanıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, AzTU-nun Türkiyə universitetləri ilə həyata keçirdiyi layihələrdə hər zaman yaxından iştirak edir və bu əməkdaşlıq əlaqələri iki qardaş ölkənin təhsil sahəsinin inkişafına mühüm töhfələr verir. Səfir deyib ki, Hitit Universiteti ilə də başladılan yeni əməkdaşlıq əlaqələri hər iki ali məktəbin müvafiq istiqamətlərdə inkişafına səbəb olacaq.

Rektor Ali Osman Öztürk Hitit Universiteti haqqında ətraflı məlumat verərək bildirib ki, universitet regionun inkişafı üçün kadr hazırlığını həyata keçirir və sənaye ehtiyaclarını təmin etmək istiqamətində fəaliyyətlər qurur. Universitet sənayenin tələbini ödəməsi ilə bağlı işlərin görülməsi məqsədilə özəl təşəbbüslərin dəstəklənməsi üçün sertifikatlaşdırma və sənaye nümunələrinin hazırlanmasını həyata keçirir.

Çorum Valisi Mustafa Çiftçi və Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın çıxışlarında dövlət-universitet-özəl sektor işbirliyinin regional inkişafda əhəmiyyətini qeyd ediblər, Çorum bölgəsində mövcud modelin xüsusiyyətlərini və üstünlüyünü vurğulayıblar. Bu modelin hər iki universitetin inkişafına töhfə verə biləcəyini bildiriblər.

Görüşdə AzTU və Hitit Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi, universitet-sənaye işbirliyinin inkişafı və sənaye nümunələrinin hazırlanması ilə bağlı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.

Daha sonra hər iki universitet arasında müvafiq sənədlər imzalanıb.



AzVision.az



Teqlər: AzTU  





Xəbər lenti