Daha 3 boksçumuz beynəlxalq turnirdə finala yüksəlib

Daha 3 boksçumuz beynəlxalq turnirdə finala yüksəlib
  12 Noyabr 2022    Oxunub:727
Azərbaycanın daha 3 boksçusu Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəlib.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, yarışın üçüncü günündə yığmanın daha 7 üzvü rinqə çıxıb.

Onlardan Nəbi İsgəndərov (67 kq) yarımfinalda Sian Reddi (İrlandiya) ilə qarşılaşıb. Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Avropa çempionatının mükafatçısı həlledici görüşdə polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək.

Murad Allahverdiyev (80 kq) də rinqdən qalib ayrılıb. O, yarımfinalda Valeri Razmeritaya (Moldova) gücünü göstərib. Boksçu finalda digər moldovalı Andrey Çiryasovla qarşılaşacaq.

Alfonso Dominges (86 kq) Tomaş Nyedzvyeçkini (Polşa) məğlub etməkdə çətinlik çəkməyib. Yarımfinalda inamlı qələbə qazanan dünya çempionu finalda polşalı Klemens Şepanyakla üz-üzə gələcək.

Daha əvvəl Malik Həsənov (63,5 kq) adını həlledici qarşılaşmaya yazdırıb. O, yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) qarşılaşmalı olsa da, rəqib komandası ilə birgə turnirdən ayrıldığı üçün Azərbaycan təmsilçisinə texniki qələbə verilib. Həsənov finalda Roman Samuellə (Rumıniya) mübarizə aparacaq.

Məhəmməd Abdullayev (+91 kq) isə mübarizəyə birbaşa finaldan başlayacaq.

86 kq çəki dərəcəsində mübarizə aparan Eldar Quliyev bürünc medalla kifayətlənib. O, yarımfinalda Domingesin finaldakı rəqibinə uduzub.

Rauf Rəhimov (92 kq) da Polşada 3-cü yeri tutub. O, yarımfinalda Mateuş Berezniçkiyə (Polşa) məğlub olub. Tayfur Əliyev (60 kq) isə 1/4 final mərhələsində Krasimir Djurovla (Bolqarıstan) qarşılaşıb və mərhələni rəqib adlayıb.

Hələlik Azərbaycanın 2 boksçusu bürünc medalı rəsmiləşdirdiyi halda, 5 idmançı finalda döyüşəcək. Yığmanın daha 4 üzvü isə yarımfinal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti