Musiqili Teatr hərbi hissədə "Bir nəfəs qədər" tamaşası ilə

Musiqili Teatr hərbi hissədə    "Bir nəfəs qədər" tamaşası ilə
  20 Noyabr 2022    Oxunub:1182
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi "N" saylı hərbi hissədə "Bir nəfəs qədər" tamaşasını nümayiş etdirib.
Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hərbi hissənin rəhbəri çıxış edərək səhnəni Akademik Musiqili Teatrın yaradıcı heyətinə verib.
Rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda ərsəyə gələn tamaşanı elə müəllifin özü şəxsi heyətə təqdim edib.
Səhnə əsərinin qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu tamaşanın ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
Hərbi hissənin səhnəsində Əməkdar artist Nahidə Orucova, aktyorlar: Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Gülcahan Salamova, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Ofeliya Məmmədova, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Röya Mehralızadə iştirak ediblər.

Onların çıxışları şəxsi heyət tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.Əsgər və zabitlər də tamaşa barədə təəssüratlarını bölüşürək “Bir nəfəs qədər”in süjet xəttinin onlara çox doğma olduğunu qeyd ediblər.

Onlar 44 Günlük Vətən müharibəsində ordumuzun döyüş meydanında göstərdiyi şücaətdən danışaraq o günləri həm böyük qürur, həm də həyəcan hissi ilə xatırlayıblar.

Sonda Musiqili Teatrın direktoru, fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissor Samir Qulamov başda olmaqla, bu layihənin bütün iştirakçıları hərbi hissə rəhbərliyi tərəfindən diplomlarla təltif olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti