Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib

Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib
  21 Noyabr 2022    Oxunub:1029
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Karapapak Fight club & Promotion”, “MCM Fight Promotion” və “TGA Promotion & Management”in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində dünya kəməri uğrunda döyüş keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Acalov ölkəmizdə peşəkar boksun inkişafından danışıb və bundan sonra da bu kimi yarış və tədbirlərin silsilə olaraq davam edəcəyini bildirib.

“Karapapak Fight Club & Promotion”ın prezidenti Aqil Acalov çıxışında Azərbaycanda peşəkar boksun inkişafı yolunda atılan addımlar və təşkil olunan belə əhəmiyyətli yarışlar üçün federasiyaya təşəkkürünü bildirərək bundan sonra da bu idman növünün inkişafında əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.

Daha sonra “TGA Promotion & Management”in prezidenti Taryel Cəfərov və “MCM Fight Club & Promotion”ın prezidenti Cavidan Məmmədov çıxışlarında idmançılara fəaliyyətlərində daha böyük uğurlar və qələbələr arzulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçirilib. Belə ki, Tayfur Əliyev (61 kq), Sərxan Əliyev (orta çəki), Ruslan Rəhimov (70 kq), Taryel Cəfərov (91 kq), Elnur Məmmədov və küveytli Hamzah Albahbahani (hər ikisi ağır çəki) qələbə qazanıblar.

Gecənin əsas döyüşündə - 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türk boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov (79,3 kq) üz-üzə gəliblər. Bərabər keçən döyüşdə çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu isə UBO dünya kəmərini qazanıb.

Gecədə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türk Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda, idman ictimaiyyətinin tanınmış nümayəndələri, ictimai, siyasi xadimlər, incəsənət nümayəndələri iştirak ediblər.

Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək “Dəmir yumruq” simvolik heykəlini və digər hədiyyələri təqdim edib.







AzVision.az



Teqlər:





Xəbər lenti