Salam, silah! Bütün ölkələr hərbi xərclərini artırırlar – TƏHLİL

      Salam, silah!    Bütün ölkələr hərbi xərclərini artırırlar –    TƏHLİL
  26 Noyabr 2022    Oxunub:1342
2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri ilk dəfə 2 trilyon dollar həddini keçdi. Hətta pandemiya da buna mane ola bilməmişdi. İnflyasiyanı nəzərə alanda bu, 6,1% artım demək idi.
Bu məbləğin nə demək olduğunu əyani başa düşmək üçün belə bir müqayisə gətirim: Avropa Birliyi bütün iqtisadiyyatını “yaşıl energetika”ya keçirmək məqsədilə 360 milyard dollar xərcləməyi nəzərdə tutub. ABŞ-a 2050-ci ilə qədər tam şəkildə “təmiz energetika”ya keçməyə $650 milyard lazımdır. Dünyada aclıqdan əziyyət çəkən 42 milyondan çox insanı xilas etmək üçün isə cəmisi $6,6 milyard tələb olunur. Hərbi xərclərlə müqayisədə sadəcə olaraq, dəryadan bir damcı...

Ən yüksək hərbi büdcə ABŞ-ınkıdır: $801 milyard. Gələn il üçün isə daha $44 milyard artacaq. Ümumilikdə dünyada hərbiyə ayrılan bütün pulların 39%-i Amerikanın payına düşür.

İkinci yerdə Çin gəlir: $293 milyard. “Səma İmperiyası” 27 ildir ki, hərbi xərclərini hər il durmadan artırır. Bu, Asiya-Sakit Okeanı bölgəsinin digər ölkələrini də anoloji addımlar artmağa məcbur edir – Yaponiya və Avstraliya da hərbi xərclərini çoxaldırlar. Yaponiyada 1972-ci ildən bəri ən yüksək artım müşahidə edilib: 7,3%. Nominal ifadədə Tokio orduya ayrılan xərcləri 7 milyard dollar artıraraq, $54 milyardı keçib. Avstraliyada həmin rəqəm təxminən $32 milyarddır.


Bu, bir daha sübut edir ki, hərbi xərclər bütün hallarda dövlətlərin arasında bir növ yarışmadır. Kiminsə bunu artırması onunla rəqabətdə olanları da eyni addımı atmağa sövq edir. Beləliklə, spiral burulmağa başlayır... Çin hərbi xərcləri artırırsa, onunla rəqabətdə olan Hindistan da artırır, bu isə Pakistanı anoloji siyasətə vadar edir.

Hazırda Hindistan hərbi xərclərin həcminə görə dünyada üçüncü yerdədir: $76,6 milyard. Onun əsas müttəfiqlərindən biri olan və Ermənistana ikilikdə dəstək verdikləri İranda bu göstərici 14% artaraq, $24,6 milyarda yüksəlib. Bu xərclərin 34%-i qonşu ölkələri çəkdiyi multfilmlərlə qorxutmağa çalışan “Sepah” (İslam İnqilabının Keçikçiləri Korpusu) üçün nəzərdə tutulub. Hazırda dünya çempionatına görə diqqət mərkəzində olan Qətər ordusuna $11,6 milyard ayırıb.

Dünya üzrə dördüncü yerdə Britaniya ($68,4 milyard), beşinci yerdə Rusiya ($65,9 milyard) gəirlər. Amma gələn il Rusiya hərbi xərclərini 40% artırmaqla 84 milyard dollara çatdıracaq və Britaniyanı geridə qoyacaq.

Maraqlı bir müqayisə: 2021-ci ildə Rusiya hərbi büdcəsini 2,9% artıraraq, ÜDM-in 4,1%-nə çatdırdığı halda, Ukrayna əksinə, azaltmışdı. Bunun əsas səbəbi ölkənin ÜDM-nin pandemiya ilə əlaqədar olaraq azalması idi. Həmin amili nəzərə alanda Ukraynada hərbi xərclərin ÜDM-ə nisbəti dəyişməyərək, 3,2% həddində qalmışdı. Bu, $5,9 milyard dollar edirdi ki, Rusiyanın xərclərindən 11.5 dəfə az deməkdir. Amma göründüyü kimi, hərbi xərclər hər şeyi həll etmir...

Ukrayna müharibəsi başlayandan sonra demək olar ki, bütün dövlətlər hərbi xərclərini artırmaq yolunu tutdular. 2014-cü ildə ABŞ-ın tələb ilə NATO-da belə bir qərar qəbul olunmuşdu ki, Alyansın üzvləri hərbi xərclərini ÜDM-in ən azı 2%-nə çatdırmalıdırlar. Lakin onlar bunu etmirdilər: 2021-ci ildə NATO-nun üzvlərindən cəmi 10 ölkə (təxminən 1/3-i) müdafiə xərclərini həmin həddə çatdırmışdı. Ukrayna müharibəsindən sonra isə vəziyyət kəskin dəyişdi: Gələn il NATO ölkələrinin demək olar ki, hamısında hərbi xərclər ÜDM-in 2%-dən çox olacaq.

Təəssüf ki, dünyada hərbi risklər və təhlükələr azalmır, müharibələr sülh yox, yeni müharibə təhlükəsi yaradır. Bunu öz bölgəmizdə də görürük. Ermənistan hərbi büdcəsini kəskin şəkildə - 35% çoxaldaraq, 1,3 milyard dollara çatdırıb. Bu, ÜDM-in 5%-i deməkdir. Dünyada çox az ölkələrin hərbi xərcləri ÜDM-in 5%-nə çatır. Bu cizgiyə yetişməsi Ermənistanın artıq militarist dövlət sayılması deməkdir.

Azərbaycanın da gələn il hərbi xərcləri rekord həddə olacaq. Müdafiə və təhlükəsizlik üçün 5,3 milyard manat nəzərdə tutulub ki, bu, ötən illə müqayisədə 17,1 faiz çoxdur. Dollara çevirsək, hərbi xərclərimiz 3,1 milyard edir. Qardaş Türkiyənin müdafiə xərcləri ilk dəfə 25 milyard dolları keçməklə, gələn il yeni rekord vuracaq.

Göründüyü kimi, heç kim sülh haqında düşünmür, hamı müharibəyə hazırlaşır. Müharibəyə hazırlaşmaq bəzən nəzəri olaraq sülhə də xidmət edə bilər, amma həmişə yox. Çox vaxt necə deyərlər, “aşığı oynamaq üçün yığırlar”. Əgər silahlanmaya ayrılan pullar çoxalırsa, bir gün o silahlar işə düşəcək. Son illərin acı təcrübəsi bunu növbəti dəfə sübut etdi.

Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Hərb-və-sülh  





Xəbər lenti