Elmi dərəcələrin və adların verilmə qaydası dəyişib

 Elmi dərəcələrin və adların verilmə qaydası dəyişib
  26 Noyabr 2022    Oxunub:1394
Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.

Buna qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara müəyyən tələblər ödənildiyi halda verilirdi.

Digər bir dəyişikliklə fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.

Buna qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni, xarici dil və Azərbaycan dilindən olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Yəni qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.

Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməsi tələb olunacaq. Bundan əvvəl ikisi həmmüəllifsiz olmaqla beş məqalənin dərc olunması tələb edilirdi.


Teqlər: Elm   Adlar   Dərəcələr  





Xəbər lenti