Qolu kim vurub?

   Qolu kim vurub?
  29 Noyabr 2022    Oxunub:832
FİFA Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun DÇ-2022-nin qrup mərhələsinin 2-ci turda Uruqvaya qarşı matçda (2:0) 1-ci qolda topa toxunmadığını təsdiqləyib .
AzVision.az ESPN-ə istinadən xəbər verir ki, FİFA və dünya çempionatı üçün top istehsal edən "Adidas" oyun topuna yerləşdirilən sensordan alınan məlumatlara əsasən, 37 yaşlı hücumçunun topa toxunmadığını təsdiqləyib: “Adidas-ın texnologiyası sayəsində əminliklə deyə bilərik ki, Kriştiano Ronaldo ilk qol zamanı topa başı ilə toxunmayıb.

Həmin an topa kənar qüvvə təsir etmirdi. Bu, ölçmələrimizdə dalğalanmaların olmaması ilə göstərilir. Topun içərisinə yerləşdirilmiş 500Hz IMU sensoru bu analizdə çox dəqiq olmağa imkan verir” - deyə FİFA-dan ESPN-ə bildirib.

DÇ-2022-də istifadə edilən hər topda oyunçuların etdiyi hər toxunuşu qeyd edən sensor var. Bu texnologiya “ofsaydları, eləcə də aşkar olmayan toxunuşları aşkar etməyə kömək etmək” üçün təqdim edilib.

Qeyd edək ki, Bruno Fernandeşin ilk qolu vurduğu zaman Ronaldo topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolu Fernandeşin adına yazıb.

Xatırladaq ki, Portuqaliyanın FİFA-ya bu qolun müəllifi Ronaldo olduğuna dair sübutlar göndərəcəyi bildirilirdi. Hücumçu da topa toxunduğundan əmin olduğunu söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti