Yelisey sarayından başlayan FİFAgeyt – Araşdırma

// Qətər mundiala ev sahibliyini necə qazanmışdı

   Yelisey sarayından başlayan FİFAgeyt –    Araşdırma
  29 Noyabr 2022    Oxunub:4827
FİFA tarixinin 2015-ci ildə baş verən ən böyük korrupsiya qalmaqalını dünya jurnalistləri “FIFAgeyt” adlandırırdılar. Həmin ilin mayın sonunda, beynəlxalq futbol qurumunun yeni rəhbərinin seçilməsinə iki gün qalmış İsveçrə hakimiyyəti FİFA-nın bir neçə yüksək rütbəli məmurunu həbs etmişdi.
FİFA rəhbərliyində sistemli korrupsiya ilə bağlı məlumatlar illər boyu üzə çıxıb. 2010-cu ildə növbəti iki dünya çempionatı (2018 və 2022) üçün müraciətlərə baxılarkən problem xüsusilə böyüdü. FİFA-nın texniki komitəsinin rəyinə zidd olaraq, “qəribə” şəkildə isti iqlimi olan balaca Qətərin seçilməsi dərhal rüşvət şübhələrinə səbəb oldu. Ardınca “The Sunday Times” qəzetinin araşdırması 2002-2011-ci illərdə Asiya Futbol Konfederasiyasının rəhbəri olmuş qətərli Məhəmməd bin Hammamın qanunsuz hərəkətlərinə işarə edən sübutlar ortaya çıxardı. Onun Afrika ölkələrinin nümayəndələrinə rüşvət kimi azı 5 milyon dollar xərclədiyi iddia edilirdi. Lakin FİFA-nın bu epizodla bağlı apardığı rəsmi araşdırma heç bir nəticə vermədi.


Buna baxmayaraq, 2015-ci il mayın 27-də FİFA-nın Sürixdə keçiriləcək növbəti konqresi ərəfəsində İsveçrə polisi FTB-nin təqdimatı əsasında Beynəlxalq Futbol Federasiyasının 7 yüksək rütbəli məmurunu həbs etdi. ABŞ-ın baş prokuroru Loretta Linç bildirmişdi ki, müttəhimlərin siyahısı genişlənəcək. Bununla eyni vaxtda İsveçrə prokurorluğu Rusiya (2018) və Qətərin (2022) dünya çempionatlarına ev sahibliyi etmək üçün müraciətlərini araşdıracağını açıqladı. İsveçrə hakimiyyəti bəzi FİFA rəsmilərinin hesablarını dondurdu və müvafiq maliyyə sənədlərini müsadirə etdi.

FUTBOL “OTKAT”LARI

İttihamların mahiyyəti son 24 il ərzində baş vermiş, necə deyərlər, “otkat”lar, çirkli pulların yuyulması və bir sıra digər cinayətlər idi. Hesablamalara görə, həmin müddət ərzində FİFA funksionerlərinin iştirakı ilə rüşvət və fırıldaqların ümumi məbləği təxminən 10 milyard dollara yaxın olub. Korrupsiya xarakterli fəaliyyətlərin məqsədlərinə isə Dünya Kuboklarının keçirilməsi üçün yerlərin ayrılması, eləcə də oyunların yayımı və reklamların yerləşdirilməsi hüquqları daxildir.

“The Economist” jurnalının yazdığına görə, Braziliyada keçirilən dünya çempionatı (2014) zamanı FİFA-nın təkcə reklam və yayım hüquqlarından əldə etdiyi gəlir 4 milyard dollar təşkil edib. Bu vəsaitdən FİFA rəhbərliyi yoxsul (xüsusilə Afrika) ölkələrinin nümayəndələrini satın almaq, o cümlədən, Yozef (Zepp) Blatterə səs vermək məqsədilə rüşvət kimi istifadə edib. İttihamnamədə Cənubi Afrika (2010), Rusiya (2018) və Qətərdə (2022) keçiriləcək dünya çempionatlarının müəyyən olunmasında rüşvət amilinin təsiri də yer alıb.

Nəticədə FİFA-nın 14 yüksək rütbəli rəsmisinin çirkli işlərdə iştirakı müəyyən olunub. Onların arasında CONCACAF-ın (Amerika Futbol Federasiyaları Assosiasiyası) hazırkı və keçmiş prezidentləri Ceffri Uebb və Cek Uorner xüsusilə seçiliblər. Uornerin 2004-cü ildə Cənubi Afrikaya verdiyi səsə görə 10 milyon dollar aldığı iddia edilir. 2011-ci ildə isə onun FİFA rəhbəri vəzifəsinə namizədlərdən birinə Karib Hövzəsi Futbol İttifaqının rəhbərliyi ilə şəxsən görüşməsinə kömək etməklə hesabını 360 min dollar artırdığı iddia edilir. Bu görüşün qonaqları "xudmani hədiyyələr" - hər biri içərisində 40 min dollar olan zərf alıblar.

Yaxud başqa bir fakt: Zepp Blatterin Cənubi Afrika və Braziliyada keçirilən dünya çempionatlarını translyasiya etmək hüququnu Cek Uornerə 600 min dollara satdığı iddia edilsə də, avstraliyalı ekspert Ceymi Fuller bu hüquqların real qiymətinin 20 dəfə baha olduğunu bildirib.


Ümumilikdə, ittiham aktında 150 milyon dollardan çox rüşvət almaq və vermək iddiası yer alıb.
Trinidad və Tobaqonun hüquq-mühafizə orqanları Cek Uorneri həbs edəndə o, ittihamlara belə cavab vermişdi: “Belə müqəddəsinizsə, kilsə açın, dostlar. Bizim biznesimiz belədir”.

Qeyd edək ki, Amerika ədliyyəsi təkcə ABŞ-dakı yox, bütün dünyada ABŞ bank sistemindən və ya ABŞ dollarından istifadə edilməklə törədilən cinayətləri də araşdırır. Ona görə də Federal hüquq-mühafizə orqanları (FTB, Ədliyyə Departamenti və Vergi Xidməti) “FİFA işi” ilə bağlı təhqiqat aparırdılar. "Bu, fırıldaqçılıq üzrə əsl dünya kuboku idi, - ABŞ Vergi Xidmətinin rəhbəri Riçard Veber FİFA-nın fəaliyyətini belə qiymətləndirib. - Biz bu gün FİFA-ya qırmızı vərəqə göstəririk".

20 may 2015-ci ildə Bruklin Böyük Münsiflər Heyəti 47 bənddən ibarət ittiham aktını təsdiqlədi. Əksər Avropa ölkələri FİFA-nın uzun müddətdir korrupsiya yuvasına çevrildiyini, islahatlara və kadr dəyişikliyinə ehtiyacı olduğunu düşünərək, istintaqa müsbət reaksiya verdilər.

2015-ci il dekabrın sonunda FİFA prezidenti Zepp Blatter futboldan getdiyini açıqladı: “Futbolda işimi başa vurdum. Amerika hüquq-mühafizə orqanları müdaxilə etdikdən sonra təşkilatıma inamımı itirdim”.

Bu zaman məlum oldu ki, FİFA Etika Komitəsinin qərarı ilə Blatter 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb və 50 min İsveçrə frankı məbləğində cərimə edilib. ABŞ-ın baş prokuroru Loretta Linç isə deyib ki, Amerika məhkəmə sistemi təkcə Amerikanı əhatə etmir, o, qlobaldır.

2015-ci ilin dekabrında FİFA prezidenti postuna namizədliyini açıqlayan Mişel Platini 8 il müddətinə diskvalifikasiya edildi. Seçkilərdən əvvəl o, şəksiz favorit sayılırdı. Keçmişdə məşhur oyunçu, Avropa çempionu, üç dəfə Avropanın ən yaxşı futbolçusu və iyirminci əsrin ən yaxşı fransız futbolçusu olmuşdu. 1988-ci ildə UEFA-da fəaliyyətə başlamış, 2007-ci il yanvarın 26-da qurumun prezidenti seçilmişdi. 2011-ci ildə ikinci, 2015-ci ildə isə üçüncü müddətə seçilib. İdman funksioneri olduğu müddətdə Mişel Platini futbol bazarını ciddi şəkildə dəyişdirdiyi hesab edilən bir sıra islahatlara təşəbbüs göstərib. Məsələn, klubların xərclərini məhdudlaşdıran “maliyyə fair-playi” və Avropa çempionatında iştirak edən komandaların sayının 16-dan 24-ə yüksəldilməsi turnirdən gələn gəlirin artmasına səbəb olub.


2016-cı il, fevralın 26-da İsveçrə və İtaliya vətəndaşlığı olan hüquqşünas Canni İnfantino FİFA prezidenti oldu. Platininin iflasının səbəbi "konsultasiya" xidmətlər üçün "əsassız ödənişlər" idi. Ancaq bu ittihamlar o zaman cinayət işi ilə nəticələnməsə də, FİFA Etika Komitəsinin məşhur fransızı diskvalifikasiya etməsi üçün kifayət qədər əsas verdi.

Platini səkkiz il müddətinə futbolla bağlı fəaliyyətlərdən kənarlaşdırıldı (İdman Arbitraj Məhkəməsinə müraciət etdikdən sonra bu müddət iki dəfə azaldıldı). Dünya futbolunda isə Canni İnfantinonun başçılığı ilə qalmaqallar davam edirdi.

YELİSEY SARAYINDA "GİZLİ NAHAR"

2019-cu ilin iyununda Fransa polisi Mişel Platinini dindirdi. Müstəntiqləri ilk növbədə 2010-cu ilin dekabrında keçirilən səsvermənin təfərrüatları maraqlandırıb. O zaman FİFA İcraiyyə Komitəsi eyni vaxtda iki çempionatla (2018 və 2022) bağlı son iclaslarını keçirirdi. Qaliblər, yumşaq desək, gözlənilməz oldular. Bir Dünya Kuboku keçirmək hüququ şansı o qədər də yüksək qiymətləndirilməyən Rusiyaya, digəri isə ümumiyyətlə qiymətləndirilməyən Qətərə verildi.

Bir çox aşkar çatışmazlıqlara baxmayaraq (böyük yarışların təşkilində təcrübənin olmaması, futbol üçün çox isti iqlim, yarışları yaydan ilin sonuna keçirmək, klubların təqvimini pozmaq), Qətər 8 səs əleyhinə, 14 lehinə olmaqla ABŞ-ı üstələdi.

FTB Qətərin ərizəsinə üstünlük verilməsi üçün rüşvət məsələsi də daxil olmaqla, araşdırmaya başladı. Həmin ərəfədə məlum oldu ki, 2010-cu il seçkilərinə az qalmış Yelisey sarayında Fransa prezidenti Nikola Sarkozi, Qətər vəliəhdi Şeyx Təmim bin Həməd Əl Tani, həmçinin Mişel Platininin iştirak etdiyi “gizli nahar” təşkil olunubmuş. FİFA-nın icraiyyə komitəsinin üzvü olan və Amerikanın namizədliyinə səmimi rəğbət bəsləyən Platini məhz bu nahardan sonra mövqeyini Qətərin lehinə dəyişib.


2017-ci ilin sonunda polis Platininin Parisətrafı Sen-Klu və İsveçrənin Nyon şəhərlərindəki evlərində axtarışlar apardı. O zaman mətbuatda Rusiya Futbol Federasiyasının eks-prezidenti V.İ. Koloskovun Rusiyanın Dünya Çempionatına ev sahibliyi etməsi üçün Platiniyə Pablo Pikassonun rəsmini hədiyyə etməsi barədə yazılar dərc olunurdu.

Yenə də heç bir sübut tapılmadı. Amma seçkilərdən dərhal sonra “Qatar Sports Investments” fondu “PSJ” klubunu alaraq, Avropa futbolunun ən zəngin komandalarından birinə çevirdi. Mişel Platininin oğlu, əvvəllər PSJ-də hüquqşünas işləşmiş Loran fondda işə götürüldü. Qətər dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıqdan dərhal sonra isə “Qatar Airways” Fransadan hər birinin qiyməti təxminən 100 milyon dollar olan 50 ədəd “A320” təyyarəsi sifariş etdi.

PLATİNİNİN QAYIDIŞI


Mişel Platini 2020-ci il yanvarın 22-dən Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) prezidentinin müşaviridir. Dünyanın 67 ölkəsində futbol həmkarlar ittifaqlarını birləşdirən bu təşkilat futbolçuların sağlamlığının qorunması, futbolda irqçilik və gender bərabərsizliyi ilə mübarizə, oyunçuların maaşlarına təminat verilməsi kimi sahələrdə layihələr həyata keçirir. Yəni məşhur fransız yenidən oyuna qayıdıb. Bununla belə, o, hələ də korrupsiya işində şübhəli şəxsdir.

2021-ci ilin noyabrında İsveçrə prokurorluğu yenidən Blatter və Platinini xatırladı: FİFA və UEFA-nın keçmiş prezidentləri dələduzluqda, imkanlardan sui-istifadədə ittiham olundular.

Hazırda isveçrəli Zepp Blatterin 86 yaşı var və onun artıq uzun müddətdir heç bir iddiası yoxdur. Amma Mişel Platini 66 yaşındadır və döyüşmək gücü var. O, 2022-ci il aprelin 5-də 52 yaşlı FİFA prezidenti Canni İnfantinoya qarşı iddia qaldıraraq, “təsir alverində” ittiham edib. Özünün mühakiməsinə gəlincə, İsveçrə Federal Cinayət Məhkəməsində iyunun 8-də başlanan məhkəmə prosesi iyunun 22-dək davam edib. İsveçrə Baş Prokurorluğu əmindir ki, ödəniş qanuni əsaslar olmadan həyata keçirilib, “FIFA-nın aktivlərinə ziyan vurulub və Platinini qeyri-qanuni zənginləşdirib”. Prokurorluq keçmiş futbol məmurlarının günahlarını sübuta yetirə bilsə, onları 5 il həbs cəzası gözləyir.

Nadir Quliyev
AzVision.az



Teqlər: Futbol   FİFA  





Xəbər lenti