Kuklaçıların “Kuklandiya”sı

   Kuklaçıların    “Kuklandiya”sı
  02 Dekabr 2022    Oxunub:1147
Vaxtaşırı sorağı müxtəlif beynəlxalq teatr festivallarından gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının peşəkar kuklaçıları bu dəfə də qardaş Qazaxıstana səfərə yola düşüblər.
Onlar ölkəmizi Qazaxıstanın Karaqanda vilayətində keçirilən “Kuklandiya” adlı IV Beynəlxalq Açıq Kukla Teatrları Festivalında təmsil edəcəklər. Karaqanda Akademik Musiqili Komediya Teatrının təşkilatçılığı ilə keçirilən ənənəvi festival 2-5 dekabr tarixlərini əhatə edir.

Tədbirin əsas məqsədi dünya kuklaçılarını bir araya gətirməklə yeni yaradıcılıq əlaqələrinin qurulmasına nail olmaq, təcrübə mübadiləsini həyata keçirmək və müasir dünya teatrında kuklaçılıq ənənələrinin yaşadılaraq inkişafına töhfə verməkdir.

Əsasən Xəzəryanı ölkələri əhatə edən builki festivalda ölkəmiz ilə yanaşı 10-a yaxın musiqili komediya və kukla teatrı iştirak edir.

Teatr yarışında festivalın təşkilat komitəsinin dəstəyi ilə iştirak edən kuklaçılarımız orada “Ağ və Qara” tamaşasını nümayiş etdirəcəklər.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.Dekabrın 3-ə baş tutacaq çıxışdan əvvəl azərbaycanlı heyət ilə görüşən Karaqanda Akademik Musiqili Komediya Teatrının direktoru, festivalın təşkilat kometəsinin rəhbəri, Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Amantay İbraev kuklaçılarımızın iştirakından məmnunluq ifadə edib.

İki ölkə arasındakı mədəni əlaqələrin, teatr əməkdaşlığının inkişafı üçün bu kimi tədbirlərin əhəmiyyətli olduğunu deyib.

Azərbaycanlı heyətin rəhbəri, rejissor Anar Məmmədov festivala fəxri münsif kimi dəvət olunan, lakin müəyyən səbəblərdən dolayı iştirak edə bilməyən Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin təbrik məktubu çatdırılıb.




AzVision.az


Teqlər:





Xəbər lenti