MOSSAD-ın dünyanı mat qoyan əməliyyatı – VİDEO

// İsrail kəşfiyyatı fələstinli silah tacirini necə aradan götürmüşdü

   MOSSAD-ın dünyanı mat qoyan əməliyyatı –    VİDEO
  26 Dekabr 2022    Oxunub:9147
...Axşam saat ona qalmış Dubaydakı dəbdəbəli “Əl-Bustan Rutana” mehmanxanasının administratoruna saqqalı qısa vurulmuş, arıq və bəstəboy bir kişi yaxınlaşdı. O özünü Əmirliklərə bu yaxında gəlmiş və 230-cu nömrəyə yerləşmiş iraqlı biznesmenin dostu kimi təqdim edərək, onunla danışmaq istədiyini bildirdi.
İnzibatçı nömrələrin əks olunduğu idarə pultuna ötəri baxıb, cavab verdi ki, 230-cu nömrə içəridən bağlıdır.
- Bilirsiniz, - yad adam izahat verməyə başladı,- bir saat bundan qabaq onun arvadı mənə zəng vurub dedi ki, əri xeyli müddətdir nə zənglərə, nə də SMS mesajlara cavab verir. Bu, çox şübhəlidir, qadın ərinin başına pis iş gələ biləcəyindən qorxur. Siz onun nömrədə olub-olmadığını yoxlaya bilərsiniz?

İnzibatçı dəhliz xidmətçilərindən birini ikinci mərtəbəyə göndərdi. Amma o, geri qayıdıb xəbər verdi ki, qonaq qapıdan “narahat etməyin” lövhəsini asıb.

Yad adam gecə yarısına qədər - administrator nömrədəki qonağın zənglərə israrla cavab verməməsinin bir qədər şübhəli olmasıyla razılaşana, qapını bərkdən döyməyi, cavab gəlmədikdə sındırmağı əmr edənədək hotelin bütün işçilərini bezdirdi.

Mehmanxanın təhlükəsizlik xidmətinin iki əməkdaşı bu əmri yerinə yetirəndə 230 saylı otaqdakı qonağın çarpayıda alt paltarında huşsuz halda uzandığını gördülər. Nömrəyə çağrılan həkim onun bir neçə saat qabaq öldüyünü təsdiqlədi. Həm də ölümün səbəbinin, ehtimal ki, təbii olduğunu bildirdi: “Qəfil infarkt vurub”.
Tezliklə məlum oldu ki, mərhum qeydiyyata düşərkən özünü təqdim etdiyi kimi, qətiyyən iraqlı parça taciri deyil, Fələstinin terror təşkilatı HƏMAS-ın rəhbərlərindən biri, adı ərəb dünyasında çoxlarına bəlli olan Mahmud əl-Məbhuhdur.



Ölüb, yoxsa öldürülüb?!

2010-cu il yanvarın 20-də səhər HƏMAS əl-Məbhuhun öz əcəli ilə ölməsi haqqında rəsmi bəyanat yaydı. “İnformasiya mənbələri” bu məlumata əl-Məbhuhun səhhətində çoxdan problemlər olduğunu əlavə etməyə tələsdilər. Lakin Mahmud əl-Məbhuhun arvadı bu versiyanı qətiyyətlə rədd edərək, ərinin, çox güman ki, “Mossad”ın qurbanı olduğunu bəyan etdi. Onun təkidi ilə əl-Məbhuhun meyiti məhkəmə tibbi ekspertizasına, qan nümunələri isə Fransadakı xüsusi toksikoloji laboratoriyaya göndərildi.

Yanvarın 29-da HƏMAS məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, Mahmud əl-Məbhuhu “Mossad”ın öldürdüyünü elan etdi və adını əqidə yolunda şəhid olanlar siyahısına saldı. HƏMAS-ın fərziyyəsinə görə, “Mossad” agentləri təbii ölüm görüntüsü yaratmaq üçün Məbhuhu əvvəlcə elektroşoker vasitəsilə zərərsizləşdirmiş, sonra yastıqla boğmuşdular.

İki gündən sonra, yəni yanvarın 31-də “Sunday times” qəzeti israillilərin əl-Məbhuhun nömrəsinə soxularaq, ona ürək dayandıran iynə vurduqları, sonra çantasındakı bütün sənədlərin surətini çıxarıb, qapısına “Xahiş edirəm, mane olmayın!” lövhəciyi asaraq getmələri haqda sensasiyalı məqalə dərc etdi.


İsrail həmişəki kimi bu məqaləyə heç bir reaksiya vermədi, Dubayda yaşanan hadisələrə dəxli olduğunu nə təsdiq, nə də təkzib etdi. Lakin Qərb KİV-ləri İsrailin əl-Məbhuhla köhnə haqq-hesabları olması haqda yazdıqdan sonra özlərini bicliyə qoymağı dayandırdılar.

İsrail əsgərlərinin qatili

Rəsmi tərcümeyi-halına görə, Mahmud əl-Məbhuh 1960-cı ildə Qəzza bölgəsinin şimalında yerləşən Cəbaliyə qaçqın düşərgəsində doğulub. Şübhə yoxdur ki, ta uşaqlıq illərindən yəhudilərə və İsrailə nifrət ruhunda tərbiyə alıb və yeniyetməliyində “sionist düşmənə” qarşı terror fəaliyyətinə qoşularaq, "Əbu-Abad" ləqəbini alıb.

1986-cı ildə İsrailin ŞABAK təşkilatı onu ilk dəfə qanunsuz silah saxladığına görə həbs edib. Azadlığa çıxan əl-Məbhuh o zaman HƏMAS-ın yenicə fəaliyyətə başlayan hərbi qanadı “Əzəddin əl-Qasım” batalyonuna qoşulub. 1989-cu ildə batalyonun komandiri Salah Şhad ona İsrail əsgərini əsir götürməyi və öldürməyi əmr edib. 1989-cu il fevralın 16-da əl-Məbhuh HƏMAS-ın bir yaraqlısı ilə yəhudi ruhanisi paltarı geyinərək, Hoday yolayrıcında dayanan əsgər Avi Sasportu maşına götürür və yolda qəddarlıqla öldürürlər.

Üç aydan sonra onlar eyni üsulla başqa bir İsrail əsgəri Saadonu tutub öldürürlər. Bu iki qətl əl-Məbhuha HƏMAS elitasına daxil olmağa kömək edir. İsrail xüsusi xidmətləri onu izləməyə başlayanda əl-Məbhuh İordaniyaya qaçır, oradan da HƏMAS-ın baş katibi Xalid Maşal ilə birlikdə Suriyaya keçir.

Tezliklə HƏMAS-da əl-Məbhuhun təşkilatçılıq qabiliyyətini qiymətləndirərək, onu qabağa çəkirlər. O, durmadan irəliləyərək, HƏMAS-ın hərbi birləşmələrinə müxtəlif silahlar çatdırmaqla məşğul olmağa başlayır. HƏMAS-ın ikinci intifad zamanı İsrailə qarşı istifadə etdiyi silahları məhz əl-Məbhuh əldə edirdi. İsrail Qəzza bölgəsindən birtərəfli qaydada geri çəkiləndən sonra həmin bölgədə hakimiyyəti ələ keçirən doğma təşkilarını silahla məhz əl-Məbhuh təmin edirdi. Silahın böyük hissəsi İran və Sudandan gətirilirdi. Oralardan səhra ilə Misirə və Sinay yarımadasına keçirilir, Sinaydan da yeraltı tunellərlə çox zaman hissə-hissə Qəza bölgəsinə daşınırdı.

Əl-Məbhuh çox gözəl anlayırdı ki, İsrail iki əsgərinin qətlini, yəhudiləri öldürən terror infrastrukturunun qurulmasındakı rolunu ona bağışlamayıb. Dostlarına Allahın onu düşmənlərdən qoruduğuna inandığını danışmağı xoşlayır, azı üç dəfə sui-qəsddən qaçdığını deyirdi: bir dəfə Dubayda, bir dəfə Livanda, bir dəfə də Suriyada, İmad Murniyenin qətlindən iki aya qabaq.

Lakin Allaha ümid edən əl-Məbhuh özü də diqqətli idi: görkəmini və sənədlərini daim dəyişir, heç yerdə iz qoymamağa çalışır, müxtəlif hotellərdə qalarkən qapının arxasına ağır kreslo qoyurdu. Əl-Məbhuh təbii ki, media ilə təmaslardan da yayınırdı. Ancaq 2009-cu ildə HƏMAS rəhbərliyinin təkidi ilə “Əl-Cəzirə” kanalına müsahibə verməyə razılaşdı. Bir şərtlə ki, süjet efirə gedərkən sifəti torla örtülmüş olsun.

Ancaq iş nəhs gətirir: çəkilişdən az sonra jurnalistlər əl-Məbhuha xəbər verirlər ki, süjet keyfiyyətsiz alınıb, satandartlara cavab vermir, odur ki, yenidən çəkməlidirlər. Ancaq həqiqət ondan ibarət idi ki, birinci çəkilişin yazısı harasa yoxa çıxmışdı. Versiyalardan birinə görə, hansı yollasa “Mossad”ın əlinə keçmiş və HƏMAS-ın baş silah tədarükçüsünün tanınmasında əvəzsiz rol oynamışdı...

“Bəli, bunu MOSSAD edib”

2010-cu ilin fevralında Dubay polisinin rəisi general Maycur Dahi Halfan ilk rəsmi açıqlama verdi ki, onun əməkdaşları Mahmud əl-Məbhuhun qətlinə görə “Mossad”ın məsuliyyət daşıdığını nəinki sübut ediblər, əməliyyatı həyata keçirənlərin şəxsiyyətini, onların fəaliyyət planını saatlarına, hətta dəqiqələrinə qədər müəyyənləşdiriblər. Lakin bu açıqlamanın ardınca ikincisi, sonra üçüncüsü, dördüncüsü gəldi, hər dəfə də əməliyyatda iştirak edən “Mossad” agentlərinin sayı artdı və axırda 6-dan 27-yə yüksəldi. Hələ aralarında guya 6 qadın da varmış.

İsraildə bu bəyanatları lağa qoyaraq deyirdilər ki, Dubay polisi axırda əl-Məbhuhun öldürülməsinə bir diviziyanın cəlb olunduğunu açıqlayacaq. Halfan isə bu bəyanatları ilə rəhbərlik etdiyi qurumu rüsvay etdiyini anlamırdı, bir neçə gün ərzində ona tabe olan ərazidə xarici kəşfiyyatın 27 agentinin sərbəst şəkildə “at oynatması” doğrudan da biabırçılıq idi.

Axı son onilliklər Dubayda həm qonaqların, həm də ölkə vətəndaşların təhlükəsizliyinin təmin olunmasına böyük diqqət yetirilirdi. Heç bir cinayət, yaxud ona cəhd yerli polisin diqqətindən yayınmasın deyə, bu şəhər başdan-başa müşahidə kameraları ilə təchiz edilmişdi. Ancaq monitorları daim izləmək üçün minlərlə insan tələb olunur ki, Birləşmiş Ərəb Əmirlikləri kimi varlı dövlət belə, bu sayda işçi saxlamağa qadir deyil. Buna görə də, Dubay polisi əl-Məbhuhun məhv edilməsi əməliyyatının iştirakçılarını yalnız sonradan, kameralardakı kadrlara baxaraq aşkar edə bildi. Ancaq onların ölkəyə girməsinə və ölkədən çıxmasına heç kəs heç bir diqqət yetirməmişdi.

Dubay polisinin fərziyyəsinə görə, əl-Məbhuhun öldürülməsi əməliyyatı bir neçə mərhələdə həyata keçirilmişdi. Onlardan birincisi 2009-cu ilin martında yerli şəraiti öyrənmək üçün Adam-Markus Korner adlı şəxs Amsterdamdan gələndə başlamışdı.

Görünür, özünü bu cür adlandıran adam Dubayı ona verilən tapşırığı yerinə yetirmək üçün tamamilə əlverilşi yer sayırdı, ona görə ki, 2009-cu ilin iyun-avqust aylarında Birləşmiş Ərəb Əmirliklərinə “Mossad”ın artıq dörd agenti səfər etmişdi. Onlar Mahmud əl-Məbhuhun izlənməsini təşkil etmiş, fotoşəklini çəkmiş, hətta... Çinə uçduğu zaman müşayiət etmişdilər. Məbhuhun məhv edilməsi məqsədilə ilk məşqlərin o zaman keçirilməsi də istisna deyil.

Nəhayət, 2009-cu il noyabrın 6-dan 10-dək BƏƏ paytaxtına eyni vaxtda 9 “Mossad” agenti gəldi və əl-Məbhuhu fasiləsiz izləməyə başladılar. “Der Şpigel” nəşrinin sonradan yazdığına görə, o zaman “Mossad” agentlərinin əl-Məbhuhu aradan götürməyə cəhd etməsi istisna deyil, ancaq bu kənardan təbii ölüm kimi görünməli idi. Bu məqsədlə onun qaldığı nömrədə mebelə dəri altına işləyərək bir neçə gündən sonra ağ ciyərlərin fəaliyyətini dayandıracaq zəhərli yağ sürtdülər.

2009-cu ilin noyabrında Dubaydan Dəməşqə qayıdan əl-Məbhuh həqiqətən özünü pis hiss etdiyi üçün həkimə müraciət edir. Ancaq həkim pasiyentin qripə tutulduğuna və xəstəliyin ağciyərlərə mənfi təsir etdiyinə qərar verərək, həmin diaqnoza uyğun adi müalicə yazır. Ya zəhərli məlhəm dozasının terrorçunun orqanizminə yetərincə sızmaması səbəbindən, ya da dərmanlar anti-toksik təsir göstərdiyindən o zaman əl-Məbhuh sağ qalır.

“Mossad”da qərara gəlirlər ki, növbəti dəfə daha dəqiq hərəkət etməlidirlər. Əgər “Sunday Times”a inansaq, 2010-cu il yanvarın əvvəlində baş nazir Benyamin Natanyahu şəxsən “Mossad”ın Təl-Əvivdəki baş ofisinə təşrif buyurur və burada Meir Daqan Mahmud əl-Məbhuhun məhv edilməsi planını ən xırda təfərrüatlarına qədər ona təqdim edir. Bundan sonra həmin plan təsdiqlənir, Təl-Əviv mehmanxanalarından birində gələcək qəsdin bütün detalları məşq edilir. Ancaq mehmanxana administrasiyasında heç kəs bu təlimlərdən, təbii ki, şübhələnmir.

Əməliyyatın detalları ilə sizi növbəti yazıda tanış edəcəyik.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: TopSecret   MOSSAD  





Xəbər lenti