TƏBİB növbəti il üçün hədəflərini açıqladı

   TƏBİB növbəti il üçün hədəflərini açıqladı
  20 Dekabr 2022    Oxunub:660
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2023-cü ildə qarşıya qoyulan hədəfləri açıqlayıb.
AzVision.az xəbər verir ki, "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı edən icraçı direktor bildirib ki, ana və uşaq sağlamlığının inkişaf etdirmək, bununla bağlı neqativ halları azaltmaq gələn il üçün əsas hədəflərdəndir:

"Eyni zamanda vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini, xidmətlərin əlçatanlığını artırmaq, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsini təkmilləşdirmək qarşıya qoyulan məqsədlərdir.

Beynəlxalq əlaqələri və tibbi turizmi (TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən xarici vətəndaşların yararlanması) inkişaf etdirmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq, xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlər 2023-cü ildə nəzərdə tutulan işlərdəndir".

V.Qurbanovun sözlərinə görə, 2023-cü ildə TƏBİB tabeli tibb müəssisələrinin yüksək kvalifikasiyalı kadrlar ilə təmin edilməsi planlaşdırılır:

"Növbəti illərdə əhalinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlıq səviyyəsinin artırılması, paytaxtda ölkə üzrə ixtisaslaşdırılmış tibbi xidmətin koordinasiyasını həyata keçirən tibb müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, tabeli müəssisələrdə reabilitasiya xidmətlərinin gücləndirilməsi, həkim və orta tibb personalının nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdiriməsi, TƏBİB tabeli tibb müəssisələrinin xarici ölkələrin aparıcı klinikaları ilə əməkdaşlığın təmin edilməsi proqnozlaşdırılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti