Hərbçi təcili yardımdan şikayətçidir: TƏBİB ittihamlara cavab verdi

  Hərbçi təcili yardımdan şikayətçidir:  TƏBİB ittihamlara cavab verdi
  21 Dekabr 2022    Oxunub:781
Abşeron rayonu Xırdalan qəsəbəsinin sakini təcili tibbi yardımdan, onların göstərdiyi xidmətdən şikayətçidir.
Bununla bağlı AzVision.az -a müraciət edən hərbiçi Əfqan Məmmədov iddia edir ki, körpəsinin ana bətnində tələf olmasının günahkarı təcili yardım xidmətidir.

“Dəfələrlə zəng etdim, cavab vermədilər, xətt məşğul idi. Təcili yardım vaxtında çatmadığı üçün mənim körpəm tələf oldu. İkinci dəfə həyat yoldaşımı xəstəxanaya çatdırmaq üçün zəng etdim. Bu dəfə də laqeydlik göstərdilər. Həyat yoldaşımı xəstəxanaya özüm aparmaq məcburiyyətində qaldım. Bununla bağlı TƏBİB-ə və aidiyyatı qurumlara zəng etdim. Mənimlə Xırdalan şəhərinin Təcili Yardım Şöbəsinin müdiri Aygün xanım əlaqə saxladı. Dedi ki, “qurban sizə, bu dəfə keçin, biz sizə kömək edəcəyik, anlaşılmazlıq olub. Bizdə olan 4 telefonun hər birinə bir nəfər cavab verməli olur”. Şəxsi nömrəsini də mənə verdi ki, əgər təcili yardımdan cavab verilməzsə, ona zəng edim. Yaşlı xanım idi deyə, mən ona bu dəfə keçdim".

Təcili yardımın xəstələrə laqeyidliyindən gileylənən şikayətçi deyir:

"Mənim işim torpaqlarımızı qorumaqdır, bu, mənim vəzifəmdir. Onların da vəzifəsi insanların sağlamlığının qeydinə qalmaqdır. Amma bunu layiqincə etmirlər. Mənə deyirlər ki, “gəlin bizdəki vəziyyətə də baxın”. Əgər çatdıra bilmirlərsə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə bildirsinlər. Səhiyyəmiz inkişaf edib axı! Xırdalan təcili yardımının nömrələri cavab vermir, 103-ə zəng edirəm, mənə nömrə deyirlər ki, filan nömrəyə zəng et. Dədə-babadan 103 təcili yardımın nömrəsidir. Kiməsə nəsə olanda ağlına ilk o nömrə gəlir. Hadisə olanda hamı 102-yə yığır və yerlərə məlumat veriir, polis gəlir. Təcili yardımda bu niyə koordinasiya olunmur? Niyə mənə ayrı nömrə verilir? Bəlkə mən elə vəziyyətədəyəm ki, yığa bilməyəcəm. Bu dövrdə bu nə laqeydlikdir?”

TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxsin iddiaları əsassızdır:

"Müraciət etdiyi müddətdə ona zəruri köməklik təmin olunub. Abşeron Rayonu “103” Çağrı Mərkəzinin xidmət arealına daxil deyil.

Həmin ərazi üzrə Abşeron Rayon Mərkəzi Xəstəxanası və xəstəxanın Təcili tibbi yardım xidməti fəaliyyət göstərir. Sözügedən vətəndaş xəstəxananın təcili yardımına müraciət edib, ona müvafiq daxili nömrələr də daha rahat əlaqəni təmin etmək üçün təqdim edilib. Vətəndaş tərəfindən tibb işçilərini təhqir etməsi halı qeydə alınıb ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılacaq.

Eyni zamanda, Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşın həyat yoldaşına zəruri tibbi xidmət göstərilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti