Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən birgə təlim və kursların təşkili məsələləri geniş müzakirə olunub. Ankara şəhərində yüksək səviyyədə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşünün əhəmiyyəti qeyd olunub, bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin, xüsusilə fövqəladə hallarla mübarizə üzrə əlaqəli fəaliyyətin təşkili məqsədilə Türk Dövlətlərinin Mülki Müdafiə Mexanizminin yaradılmasının vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi ilə əlaqədar hazırlığın təmin olunması məsələlərində Türkiyə tərəfinin dəstəyi yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin uğurla davam etdiriləcəyinə əminlik bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az