Azərbaycanda Xalq artisti vəfat edib

   Azərbaycanda Xalq artisti vəfat edib
  22 Dekabr 2022    Oxunub:2440
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.
O, yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Mərhum Xalq artistinin yaxınları onun uzun sürən xəstəlik səbəbindən vəfat etdiyini bildirib.

Qeyd edək ki, Gəncədə filarmoniyanın yaradılması Fikrət Verdiyevin adı ilə bağlıdır. O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli idi və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır.

Fikrət Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Hələ tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub.

O, 1969-cu ildə “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti