Qanadları qırılmış aviasiya: Vəziyyət nə vaxt düzələcək? - ARAŞDIRMA
2020-ci ildən bu günə qədər sektorun 187 milyard dollar itirdiyi təxmin edilir. Üstəlik, minlərlə insan işdən çıxarılıb. Xüsusilə Qərbi Avropa ölkələrində həyat şəraitinin pisləşməsi səbəbindən yay aylarında hava limanlarında keçirilən tətillər gündəmi zəbt etmişdi.
"Biznes-klass" reyslərinin qiymətləri 100 faizə qədər artıb. "Ekonom-klass"da da ciddi artımlar var. Keçən ilin sentyabrında ABŞ-Avropa istiqamətində həyata keçirilən birtərəfli ekonom sinifdə uçuş 428 dollara başa gəlib. 2019-cu ilin sentyabrındabu qiymət 390 dollar idi.
COVID-dən əvvəlki dövrlə müqayisədə dünyada həftəlik uçuş sayı 100 mini keçməyib. Dekabrın ilk günlərində həftəlik uçuşların sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq, 616 min 300-ə düşüb.
Uçuşların qiyməti bahalaşıb, tələbat isə azalıb. 2019-cu ilin dekabr ayının ilk iki həftəsində ABŞ-dan Qərbi Avropaya 14 milyon sərnişin daşındığı halda, 2022-ci ilin eyni həftəsində bu göstəricinin 12,3 milyona qədər azaldığı müşahidə edilib.
2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Ümumilikdə, göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib. Cari ilin noyabr ayında Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.
Azərbaycanın milli aviadaşıyıcısı “AZAL” sərnişin aviaşirkəti və “Buta Airways” ucuz sərnişin aviaşirkəti (loukoster) tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayındakı payı müvafiq olaraq 28% və 14% təşkil edib.
2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin, AZAL və Buta Airways ilə yanaşı, "Türkish Airlines", "Aeroflot", "Utair", "FlyDubai" və "Azimuth" aviaşirkətləri tərəfindən daşınıb.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2023-cü ildə vəziyyətin tam bərpa olunacağını gözləyir. IATA-nın illik toplantısı bu il Qətərin paytaxtı Dohada keçirilərkən qurumun direktoru Villi Uolş “2023-cü ildə bütün sənaye mənfəət əldə edə bilməlidir. Biz geri qayıdırıq. Gələn il sərnişin sayı pandemiyadakı dövrü üstələyəcək".
Aviaşirkətin mühüm problemlərindən biri borclarıdır. İATA üzvlərinin qısa və uzunmüddətli maliyyə öhdəliklərinin cəminin 650 milyard dollar olduğu təxmin edilir. Böyük aviaşirkətlər hazırda işçilərin ixtisarını nəzərdə tutmur. "Qatar Airways"in baş direktoru Əkbər Əl-Baker deyir ki, onun 7000 vakant yeri var. "Emirates" Hava Yollarının baş direktoru Tim Klark hər bir şirkətin 2023-cü ili mənfəətlə bağlaya biləcəyinə əmin olmadığını, lakin 2025-ci ilə qədər bəzilərinin vəziyyətinin düzələcəyini qeyd edib.
Sektorda böyük miqyaslı ixtisarlar nəzərdə tutulmasa da, köməkçi pilot olmadan tək pilotlu uçuşlar gündəmdədir. Bunun səbəbi təkcə ixtisarla bağlı deyil, ikinci pilotların başqa uçuşlara yönəldilməsidir. Almaniya və Böyük Britaniya da daxil olmaqla 40 ölkə Birləşmiş Millətlər Təşkilatına təkpilotlu uçuşların genişləndirilməsi üçün lobbiçilik edir. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) 2027-ci ildə buna keçə biləcəklərinə işarə edib.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


