İranda 3 günlük matəm elan olundu

İranda 3 günlük matəm elan olundu
  10 Aprel 2013    Oxunub:1189
Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
Son məlumatlara görə İranın Kaki şəhərində baş vermiş zəlzələ nəticəsində ən azı 33 nəfər ölüb. Bu barədə AzVision.az Press Tv-yə istinadən məlumat verir. Məlumata görə, Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb. Ötən iki saat yarım ərzində hər birinin gücü 4,2 bal olan 30-dan çox təkan baş verib. Zəlzələ nəticəsində Buşəhr vilayətində ümumilikdə 850 nəfər xəsarət alıb, onlardan 70-nin vəziyyəti ağırdır. Qonşu 4 vilayətdən xilasetmə qüvvələri cəlb olunub.

Bundan başqa, İran KİV-in məlumatına görə, zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq Şonbeh şəhərinə düşüb.

Birinci zəlzələnin gücü 6,1 bal təşkil edib. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınıb.

"Buşəhr" AES-in layihə rəhbəri Mahmud Cəfəri bildirib ki, zəlzələ stansiyanın işinə heç bir təsir etməyib: "Belə ki, zəlzələ AES-dən 100 km-dən çox məsafədə baş verib, həmçinin stansiyanın 8 bal gücündə zəlzələyə davamlılığı var".

Bu arada İranın ali lideri Ayatullah Əli Xamenei Buşəhrdə baş verən zəlzələ ilə bağlı bəyanat verib. O, ölkədəki bütün hüquq-mühafizə və hərbi qüvvələri zərzələdən zərərçəkmiş bölgələrdə xilasetmə işinə səfərbər edib. İranın ali lideri hadisə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.

Ayatullah Əli Xameneinin Buşəhr üzrə nümayənəsi Ayatullah Ulaməli Səfai isə sabahdan zəlzələ ilə bağlı 3 günlük matəm elan olunduğunu deyib.




Teqlər:  





Xəbər lenti