İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Cəmşid Xocayev, ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ad günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında şəxsi əlaqələrin münasibətlərimizin inkişafında rolunu xüsusi olaraq qeyd edib, belə bir əlamətdar gündə Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük şərəf hissi duyduqlarını deyib.
Prezident İlham Əliyev salamlara və təbrikə görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
Torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə dövlətimizin başçısını təbrik edən Cəmşid Xocayev vurğuladı ki, bu, bütün Türk dünyasının Qələbəsidir. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi qeyd etdi.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı, ticarət dövriyyəsinin artdığı qeyd olundu, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışıldı.
Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
AzVision.az
Teqlər: