Araz Elsəs: "İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram"

      Araz Elsəs:    "İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram"
  25 Dekabr 2022    Oxunub:945
Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə “Güney Azərbaycan türklərinin dünyəvi inkişafı: İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi” mövzusunda müzakirələr keçirilib.
AzVision.az xəbər verir ki, TAİB-in mərkəzi ofisində reallaşan tədbirdə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri və əldə etdiyi tarixi nailiyyətlərdən söz açan tədbir iştirakçıları dövlət başçısının dünya azərbaycanlılarının, xüsusən də Güney Azərbaycan türklərinin hüquqları, Azərbaycan dili və mədəniyyətinin inkişafı xüsusunda dilə gətirdiyi fikirlərə diqqət yönəldiblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev həm Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş IX Zirvə toplantısında, həm də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışında səsləndirdiyi fikirlər Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsi, gələcək inkişafı, eləcə də dilimizə və ortaq dəyərlərimizə daha sıx bağlılığın təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin dünyadakı bütün azərbaycanlıların lideri olduğunu deyən tədbir iştirakçıları Azərbaycanın geosiyasi müstəvidə güclənən mövqeyindən də geniş bəhs ediblər.
Müzakirələrdə bu gün Azərbaycanın güneyində soydaşlarımızın üzləşdiyi təzyiq və təqiblər, çoxsaylı işgəncə faktları, eləcə də Azərbaycan dilində təhsil almaq hüququndan məhrum edilmələri barədə çıxışlar da olub.

Tədbirin xüsusi qonağı olan məşhur ozan Araz Elsəsin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Araz Elsəs qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət dünya azərbaycanlılarına ruh verir. “Mən bu siyasətə canımla, qanımla dəstək verməyə hazıram”, - deyən Araz Elsəs Azərbaycanın öz hədəflərinə çatacağına əmin olduğunu bildirib.
Sonda müəllifi olduğu milli ruhlu mahnılar səsləndirən Araz Elsəsə Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsindəki xidmətlərinə və türk mədəniyyətinin təbliğindəki fəallığına görə TAİB-in xüsusi plaketi təqdim olunub.

AzVision.az
 


Teqlər: Prezident  





Xəbər lenti