Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəliblər.
“Gülüstan” sarayı uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunmuşdu.
Uşaqları sarayda nağıl qəhrəmanları qarşılayıblar. Onlar “Face-art” vasitəsilə özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı əldə ediblər.
Bayram şənliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Sonra “Şəngülüm, Şüngülüm, Məngülüm Yeni il şənliyini necə hazırladılar” tamaşası təqdim edilib. Teatrlaşdırılmış səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və Xeyrin Şərə qalib gəlməsi üzərində qurulub.
“Gülüstan” sarayında balacalar üçün xüsusi zövqlə qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların xüsusilə böyük marağına səbəb olub. Rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar Heydər Əliyev Fondunun onlar üçün təşkil etdiyi bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər.
Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə hazırlanıb.
Qeyd edək ki, müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhidlərimizin övladları üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şənlik təşkil edilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu qəbildən uşaqların problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, onları qayğı ilə əhatə edir.
“Gülüstan” sarayında iki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
Teqlər: