Ötən il ABŞ-ı yandıran istilərin səbəbi tapıldı

   Ötən il ABŞ-ı yandıran istilərin    səbəbi tapıldı
  01 Yanvar 2023    Oxunub:1732
İsveçrənin “Sürix Atmosfer və İqlim Elmləri İnstitutu”nun alimləri ötən il Şimalı Amerikanı vuran güclü istilərin səbəbini aşkara çıxarıblar. Araşdırmanın nəticələri “Earth's Future” jurnalında dərc olunub.
Mütəxəssislər ABŞ-ın Oreqon və Vaşinqton ştatlarına, Kanadanın Britaniya Kolumbiyası əyalətlərinə təsir edən istilik dalğasının səbəblərini müəyyən etmək üçün “Community Earth System Model”dən istifadə ediblər.

Məlum olub ki, istilik dalğası Sakit okeanın şimalında, açıq dəniz üzərində potensial enerji daşıyan yüksək rütubətli hava kütlələri əmələ gələrkən yaranıb. Bu kütlələr "konveyer kəmərləri" kimi tanınan atmosfer axınları vasitəsilə minlərlə kilometr yol qət edərək, Şimali Amerikanın qərbinə çatıblar. Sonra spiralvari hərəkətlə aşağı düşüblər və potensial enerji istiliyə çevrilib.

Hava kütlələrinin şaquli şəkildə genişlənməsi atmosferin daha yüksək qatlarından geniş coğrafi əraziyə təhlükəli yüksək temperatur gətirib. Mütəxəssislər deyir ki, anomal istilərə torpaqdakı həddindən artıq aşağı rütubət də kömək edib. Nəm torpaqlar güclü istiliyi azalda və temperaturu beş dərəcə aşağı sala bilir. Quru torpaq isə bunu bacarmır.

Yada salaq ki, ötən yay temperaturun 40-50 dərəcəyə qalxması ABŞ-da yüzlərlə insanın ölümünə səbəb olmuşdu.

Samir Quliyev
AzVision.az



Teqlər: İqlim  





Xəbər lenti