Laçın yolunda sülhməramlıların 27 maşını gün ərzində maneəsiz keçib

   Laçın yolunda sülhməramlıların 27 maşını gün ərzində maneəsiz keçib
  09 Yanvar 2023    Oxunub:770
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitələrinin Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət etməsi təmin olunub.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunun hər iki istiqamətində maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 27-yə çatıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 29 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti