Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı

Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı
  15 Yanvar 2023    Oxunub:954
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
Bu barədə AzVision.az -a DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 100 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 25 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün yanvarın 16-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası yanvarın 16-dan 18-dək saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

AzVision.az

Teqlər:







Xəbər lenti