"Q-day" yaxınlaşır: Bütün parollar çözüləcək

// "Kvant qiyaməti"nə nə qədər qalıb?

 "Q-day" yaxınlaşır:  Bütün parollar çözüləcək
  16 Yanvar 2023    Oxunub:4006
Tədqiqatçılar çox yaxın gələcəkdə baş verə biləcək “Kvant Apokalipsisi” ilə bağlı həyəcan təbili çalırlar. Deyirlər ki, bu hadisə internet bankçılıqdan tutmuş dövlət sirlərinə qədər hər şeyi məhv edə bilər. Bəs "Kvant Apokalipsisi" nədir və ondan qorxmalıyıqmı?
“Kvant Apokalipsisi” narahatlığı bu ilin əvvəlində çinli tədqiqatçıların akademik məqaləsində kvant kompüterinin (Google və IBM tərəfindən hazırlanmaqda olan yeni texnologiya) insanların və qurumların onlayn təhlükəsizliyini təmin edən şifrələmə üsullarını asanlıqla sındıra biləcəyini deməsilə ortaya çıxıb.

"Sectigo" kibertəhlükəsizlik firmasının eksperti Tim Kallan xəbərdarlıq edib ki, hətta artıq mövcud olan kvant kompüterləri də tezliklə “hazırda istifadə etdiyimiz şifrələmə üsullarını deşifrə edə biləcəklər”. Kallanın xəbərdarlığı Çikaqo Universitetinin tədqiqatçılarının sındırıla bilməyən "kvant interneti" üzərində işlədiklərini elan etməsindən qısa müddət sonra səsləndirilib.


Hazırda kompüterlər informasiyanı qorumaq üçün "açıq açar kriptoqrafiyası" adlanan sistemdən istifadə edirlər. Mobil telefonlar kimi cihazların iki açarı var: açıq və gizli. Mobil telefonunuzla əlaqə saxlamağa çalışan başqa bir cihaz mesajı şifrələmək üçün telefonunuzun açıq açarından istifadə edir və mesajı uzun rəqəm-koda çevirir. Bu kod daha sonra orijinal mesajı aşkar etmək üçün telefonunuzun şəxsi "açarı" ilə açılır.

Lakin kvant cihazları qısa müddət ərzində bütün növ parolları deşifrə edə biləcəklər. Adi kompüterlər "0" və ya "1"i təmsil edən elektron impulslardan istifadə edir. Kvant maşınları isə eyni zamanda "1" və "0" kimi təyin oluna bilən fotonlarla işləyir. Beləliklə, bir kvant kompüteri bütün mümkün həlləri bir yerdə kodlaya bilər. Sonra bu həllər bir-birini ləğv edərək düzgün kombinasiyanı ortaya qoyur. Kvant kompüterləri eyni vaxtda '1', '0' və ya hər iki rəqəmi ehtiva edən 'qubit'lərdən istifadə etdikləri üçün klassik kompüterlərdən milyonlarla dəfə sürətli olacaqlar.


Kvant kompüterləri təkamül etdikcə gündəmə gələn bu ssenari o qədər narahatedicidir ki, ekspertlər onu “Kvant Apokalipsisi” adlandırırlar. Kallan kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən "Q-Day" adlandırılan bu ssenaridə dünyadakı sirlərinin kifayət qədər güclü kvant kompüteri olan hər kəs üçün açıq olacağını ifadə edib. “Bayden administrasiyası keçən il "Q-Day" probleminin yaxınlaşması ilə bağlı təhlükəsizliyi yeniləməyi planladığını açıqlayıb. Artlıq hökumətlər narahat olmağa başlayıblar",- ekspert əlavə edib.


Kvant kompüterlərinin hazırlanması hələ başlanğıc mərhələsindədir. Hazırda IBM-in 2021-ci ildə təqdim etdiyi 400 kubit tutumu olan və artıq olduqca güclü "Osprey" kompüteri var. Lakin çinli tədqiqatçılar bildirirlər ki, hətta 378 kubitlik nisbətən kiçik kvant kompüteri də güclü şifrələməni poza bilər.

Qeyd edək ki, mütəxəssislər "Kvant Apokalipsisi"nin yaxın 8-20 il ərzində baş verə biləcəyini proqnozlaşdırırlar.

Aytən Zəhra Bağırzadə

AzVision.az


Teqlər: Texnologiya  





Xəbər lenti