“Vikipediya”nın özbək dili bölməsində Natəvan haqqında məqalə yaradılıb

“Vikipediya”nın özbək dili bölməsində Natəvan haqqında məqalə yaradılıb
  17 Yanvar 2023    Oxunub:1726
Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında “Vikipediya”nın özbək dili bölməsində “Xurshidbonu Notavon” məqalə yaradıblar.
Bu barədə Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” könüllüləri tərəfindən yaradılmış məqalədə şairənin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.
Burada qeyd olunur ki, Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olub və Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib.
Məqalədə Xurşidbanu Natəvan parlaq istedada, qabaqcıl ideallara malik, habelə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş bir şəxsiyyət kimi təqdim edilib.
Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairınin həyatı, yaradıcılığı, ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. məlumatlar verilib. Misal üçün, səhifənin “Meros” (İrsi) adlı bölməsində şairənin adına küçə, klub, kitabxana, məktəb yaradılması, Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılması əks olunub. Qeyd olunur ki, Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində abidəsi qoyulub.
Məqalədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib.
Məqalədə Şuşada dövrün ədəbi mühiti və şairə Xurşidbanu Natəvanın burada yaratdığı “Məclisi-üns” (dostluq, ülfət məclisi) haqqında geniş materiallar öz əksini tapıb. Burada məlumat verilir ki, XIX əsrdə bölgələrdə poetik məclislərin yaranması geniş vüsət alıb. Bakı, Naxçıvan, Şamaxı, Lənkəran, Qubada, Gəncədə poetik məclislər yaranmış və məclislərdə dövrünün tanınmış şairləri, ziyalıları bir araya gəlirdilər. Şuşada isə iki belə bir məclis yaranmışdı ki, onlarda biri yuxarıda qeyd olunmuş “Məclisi-üns” digəri isə Mir Möhsün Nəvvabın yaratmış olduğu “Məclisi-fəramuşan” və hər iki poetik məclis də eyni dövrdə Şuşada fəaliyyətlərini davam etdirirdilər.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi çərçivəsində ilk dəfə olaraq 2022-ci ildə “Məclisi-fəramuşan” poeziya məclisi bərpa olunub, Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə Şuşada görüşlər, onlayn poeziya tədbirləri keçirilib.
Məqalədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunan kitabların siyahısı da öz əksini tapıb. Burada məlumat verilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xurşidbanu Natəvanın şeirlər özbək dilinə tərcümə olunaraq nəşr edilib.
“Xurşidbanu Natəvan haqqında özbək dilində məlumatlarla bu link vasitə ilə tanış olmaq mümkündür.

AzVision.az



Teqlər: Natəvan  





Xəbər lenti