"20 Yanvar"a görə sürgün olunan azərbaycanlı: "Çəkmənin ucunu onun ağzına soxmuşdu"

  "20 Yanvar"a görə sürgün olunan azərbaycanlı: "Çəkmənin ucunu onun ağzına soxmuşdu"
  20 Yanvar 2023    Oxunub:1427
"20 yanvar" faciəsində sovet qoşunlarının Azərbaycan xalqına qarşı etdiyi qırğına dənizçilərimiz Bakı buxtasını bağlamaqla etiraz edirdilər. Yanvarın 20-si səhər saatlarından 24-ü saat 14:30-a qədər sovet-rus hərbi gəmiləri ilə əsl mübarizə apardılar. Azərbaycanın haqq səsini dünyaya çatdırılar.
Lakin 4 günlük dəniz savaşı 57 hərbçinin sürgünü ilə yekunlaşdı. Onlardan biri də "Alatau" gəmisinin kapitanı olmuş Hidayət Atakişiyev idi. AzVision.az onun həbs edildikdən sonra başına gətirilənləri, sürgün həyatı barədə danışdıqlarını təqdim edir:

- Yanvarın 24-də gəmilərimiz körfəzi tərk edəndən sonra Limanbazada körpüdə dayanmışdıq. Kayutada oturmuşdum. Birdən otağa üç hərbçi soxuldu. İki əsgər kayutun əks tərəflərinə tullandı. Üçüncü avtomatı sinəmə dirəyib "qalx" deyə bağırdı. Boynumdan vurub çölə, göyərtəyə atdılar. Gəminin dor ağacıdan qara bayraq asmışdıq. Əmr etdilər ki, bayrağı endirim, əvəzinə Sovet bayrağını qaldırım. Etiraz etdim, dedim ki, "Azərbaycan yas içindədir". Yenə də vurdular. Kapitan Vladimir Sapronovu da tutmuşdular. Ona badalaq verdilər, ağzı üstə yerə yıxıldı.

Niyə belə edirsiniz, yaşlı adamdır, etirazımı bildirdikdə dəyənəklə cavab verdilər. Bir hərbçi "vı naşi rabı, çto xotim, to sdelayem" ,- dedi. Bizi hərbi donanmaya gətirdilər. Bir yekəpər hərbçi var idi, elə təkcə çənəsi bir qarış idi. Qoydu məni BTR-in təkərinin altna ki, "səni öldürürəm". BTR irəli tərpənəndə dedim ki, bu da axırı. Bütün həyatım gözümün önündən keçdi. Bircə ona təskinlik tapdım ki, bizi görən oldu, ölsək də, xalqımız yaddan çıxarmayacaq. Təkər sifətimə dəyəndə əlimi BTR-in təkərinə dayaq verib özümü qırağa atdım. Hirslənən yekəpər hərbçi məni götürüb donanmanın həyətindəki lövbərin üstünə atdı. İki dəfə dubinka ilə necə vurdusa huşumu itirdim. Bir də ayıldım ki, BTR-in içindəyəm. Sapronovun ağzından qan gəlirdi. Bir hərbçi çəkməsinin ucunu onun ağzına soxmuşdu. Heç vaxt yadımdan çıxmazdı: O, başını arxaya atmışdı, gözlərini mənə zilləyib kömək istəyirdi. Əlimdən nə gələrdi ki, özüm də elə onun günündə idim. O imkan tapıb mənə dedi ki, "rus olmağıma görə utanıram".



Kapitan daha sonra onları BTR-dən yerə saldıqlarını və türməyə gətirdiklərini qeyd edib: "Dedik yəqin, güllələməyə aparırlar. Başımıza brezent parçadan torba keçirmişdilər. Sonra pilləkənlə yuxarı sürüdülər. Bizim başımızdan torbanı çıxararaq arxadan təpiklə vurub bir otağa saldılar. Gözlərimi açanda əvəlcə xırda nöqtələr gördüm. Sonra özümə gəldikcə nöqtələri seçməyə başladım. Gördüm, adamlardır. ilk dəfə onların arasında öz dənizçi yoldaşlarımı - "Sabit Orucov" gəmisinin mexaniki Əhməd Bəyimovu, "Vodoley-4" gəmisinin elektrik mexaniki Vilayət Heydərovu görəndə, heç kəsə qəribə gəlməsin, o qədər sevindim ki.. Bir-birimizə arxa dura bilərik,- deyə düşündüm.. Amma bilirdim ki, ölümdən hələ qurtarmamışam. Öyrəndim ki, bizi Şüvəlana gətiriblər. O vaxt həbsxanada işləyənlərin əksəriyyəti azərbaycanlilar idi. Bir mayor var idi, gəldi yanıma, dedi: "Nə qədər mən burdayam, sizə zaval yoxdur. Xalqımın qeyrətli oğulları, Siz türməyə yox, kurorta gəlmisiniz". Elə bu vaxt bir hərbçi içəri girdi. Azərbaycanlı mayorun üstünə yeridi. Üz-üzə dayandılar. Hər ikisi gövdəli idi. Azərbaycanlı mayor ona "faşist, cəllad" dedi. Bir az keçməmiş türmənin bütün azərbaycanlı işçilərini hərbçilərlə dəyişdilər".

H.Atakişiyev o zaman türməyə şəhərdə həbs edilənlərin gətirilməsi və onların başına açılan oyunlardan da bəhs edib.

- Otağa təzə adamlar gətirdilər. Biri yaşlı kişi idi, biri də uşaq. Döyülmüş uşaqdan qan axırdı, ölüm ayağında idi. Təcili yardım olmasa ölə bilərdi. Atasının fəryadına baxan olmadı. Yanımıza bir kişi gətirmişdilər. Deyəsən, hansısa mehmanxanada işləyirdi. İçəri girəndə bizim məlul- məlul duruşumuza baxıb, "Niyə səsinizi içəri salmısınız, milləti qırırlar, sizdə burda sakit dayanmısınız", deyə çığırmağa başladı. Elə bu vaxt bir hərbçi əliylə onu yanına çağırdı, başına avtomatını dirəyib küncə çəkdi. Necə vurdusa, dedik, yazıq indi o dünyalıq oldu. Hərbçi çıxandan sonra həmin adam sürünə-sürünə yanıma gəldi. Yavaş səslə soruşdu: - qardaș, sizi də döyüblər? Cavab vermədim.

Sonra bizi bitxanaya basıb, qollarımızı arxadan qandalladilar. İngilis qandalları idi. Əlimizi tərpədəndə
sıxırdı, çiyinlərimin ağrısı hələ də yadımdan çıxmayıb. 72 nəfər idik, onların 20-si dənizçi idi. Səhər bizi bir təyyarə ilə Krasnodara gətirdilər. Ora çatanda yenə də döyə-döyə aparıb türməyə saldılar.

Yerli əhaliyə necə təbliğat aparmışdılarsa, bizi görənlərin hamısı çığırırdı: "Ekstremistlər gəlir, rusların qatilləri gəlir". Guya Bakıda biz rusları qurrmışıq. Bir tibb bacısından nəsə bir dərman istədim, dedi ki, imkanım olsa, hamınızı zəhərləyərəm. Sonra bizi türmə qatarına basdılar. Qatarda, üzr istəyirəm, tualete gedə bilmirdik. Kim gedirdisə kibrit dənəsini yandırırdılar. Vay o günə kibrit çöpü yanıb kibrit sönənə qədər təbii borcunu qurtarmayasan, o qədər vururdular ki... Uşaqların çoxundan qan gəlirdi. Sonra bizi Ulyanovska gətirdilər. Sevinirdik ki, nə qədər də olmasa, burdakıların əksəriyyəti tatarlardır, amma təbilgat burada da öz rolunu oynamışdı. Yanımıza 20 nəfər lənkəranlı balası da gətirdilər. Onların əllərini tros məftillərlə necə sıxmışdılarsa, ətə məftil keçmişdi.

Kinorejissor Vasif Babayev, telejurnalist Rafiq Savalan də bizimlə idi. Bizi on beş nəfərdən ibarət dəstəyə bölüb kameralara saldılar. Sonra türmənin rəisi yanımıza gəldi. Dedi ki, sizin bəxtiniz gətirib, yəni buradan vətəninizə salamat qayıdacaqsınız. Sizin elə bir həmyerliniz var ki... Şəhərin komendaturasının rəisi Fariz Məcidovu nəzərdə tuturdu. Sabahı günü bizi çimizdirdilər, təmizlədilər, təzə pal-paltar verdilər. Məəttəl qalmışdıq. Üç gündən sonra kameranın qapıları açıldı. Azərbaycanlı uşaqlar əllərində yemək- içmək, dünyanın naz-neməti ilə içəri girdilər. Qabaqda girən Fariz idi. Gözlərindən yaş sel kimi axırdı.

Fariz belə söz də dedi: "Türmənin işçilərinin gətirdiyi yeməkləri qəbul edin, quru yesəniz də, sulu yeməkləri- "birincini" yeməyin, yeməyə kimyəvi maddələr qata bilərlər. Ehtiyatlı olun, təsir edər, buradan sağ-salamat çıxsanız da zaman keçdikcə çox yaşa bilməzsiniz. O gündən axrıncı günə qədər Fariz və onun dostları bizə yemək-içmək gətirir, qulluğumuzda dururdular.

Otuz gün başa çatdıqdan sonra azərbaycanlılar bizi mehmanxanaya apardılar. Fariz öz əliylə ayağımızın altında qurban kəsdi. Hamımızın biletini alıb, Moskvaya yola saldı. Moskvadan da Bakıya gələn qatara
minib vətənə döndük. Bakıya qayıtdıqda qatarda Elxan Hüseynovla (Elxan hadisələr zamamı "40 let VLKSM" gəmisində kapitanın baş köməkçisi idi) qatarın səyyar restoranına gəldik. Bufetçidən yeməyin çeşudləri haqqında soruşduq. O isə sadaladı: Xarço, lü-lə, tikə, dovğa, borş.. kövrəldik. Adama bir dovğa götürdük. Restoranda oturanların sifətində xoş bir ifadə vardı.

50 gün ərzində başımıza gətirilən müsübətlər və buradakı çal-çağır. Vaqon-restoranda üz-üzə oturub dovğanı qabağımıza goyduq. Milli xörəyimizin ətri, göy-gəyərtinin qoxusu mənə o qədər xoş gəldi ki, yenidən kövrəldim, gözlərimdən yaş gilələnməyə başladı. Ha çalışdım, özümü toxtag tutam ki, heç olmasa, Elxan yeməyini rahat yesin, olmadı. Başımı qaldırıb Elxana baxanda gördüm ki, onun da gözlərinin suyu sel olub, yanağı boyu axır. Qucaqlaşdıq, yeməyimizi yeyə bilmədik".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti