Vəziyyət yaxşıdır, lakin pisdir - BVF rəhbəri

// İqtisadiyyat bərpa olunur, amma risklər var...

  Vəziyyət yaxşıdır,    lakin pisdir       -  BVF rəhbəri
  20 Yanvar 2023    Oxunub:7872
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyevanın Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı söylədiklərinə görə, qlobal iqtisadi vəziyyət bir neçə ay əvvəl gözləndiyi qədər pis deyil, lakin bu, hələ hər şeyin yaxşı olduğu anlamına da gəlmir.
- Deyəsən, inflyasiya düzgün istiqamətdə hərəkət etməyə başlayıb, yəni, bu gedişlə səviyyəsi düşəcək. Söhbət baza inflyasiyadan gedir,- Georgiyeva bildirib.

O qeyd edib ki, qlobal iqtisadiyyat üçün müsbət amillərdən biri Çində karantin məhdudiyyətlərinin aradan qaldırılmasıdır. Xatırladaq ki, 2022-ci ildə Çinin ÜDM-nin artım tempi son 40 ildə ilk dəfə olaraq qlobal orta göstəricidən aşağı idi. Bu gün Çinin iqtisadi artımının bərpa olunduğu bir vaxtda BVF builki artım tempinin yenidən orta göstəricidən yuxarı olacağını gözləyir.

"BVF 2023-cü ildə qlobal ÜDM-in 2,7% artacağını proqnozlaşdırır. Bu proqnoza yaxın günlərdə bir qədər düzəlişlər edilə bilər. Çin iqtisadiyyatının bu il 4,4% artacağını gözləyirik",- Georgiyeva bildirib. O həmçinin bir çox ölkələrdə əmək bazarlarının əhəmiyyətli dərəcədə güclənməsini də qlobal iqtisadiyyat üçün müsbət amil kimi qeyd edib. BVF rəhbərinin sözlərinə görə, bu, istehlak xərclərini və müvafiq olaraq, bütövlükdə iqtisadiyyatı gücləndirib.

- Bəs biz nədən narahat olmalıyıq? Birincisi, 2,7%-lik iqtisadi artım tempini qənaətbəxş hesab etmək olmaz - qlobal maliyyə böhranı və COVID-19 pandemiyası dövrünü nəzərə almasaq, bu, son onilliklərdə ÜDM-də ən zəif artımdır. İkincisi, inflyasiyanın hansı - müsbət, yoxsa mənfi istiqamətdə hərəkət edəcəyi ilə bağlı hələlik dəqiq bilgi yoxdur. Çində iqtisadi artımının sürətlənməsi neft və qaz qiymətlərində artıma və bununla da inflyasiyanın güclənməsinə səbəb olarsa, necə?- deyə, BVF rəhbəri düşünməyə çağırıb.

Georgiyeva Ukraynadakı vəziyyətə də diqqət çəkərək, bunun Avropa üçün yaratdığı riskləri vurğulayıb.
BVF-in yanvarın 31-də qlobal iqtisadiyyatın növbəti icmalı açıqlandıqda qlobal ÜDM göstəricilərində artım gözlənilirmi sualına cavab olaraq Georgieva deyib ki, “artım gözlənilsə də, hazırki 2,7%-lik göstərici ilə müqayisədə əhəmiyyətsiz olacaq”.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti