Daşınmaz əmlakla bağlı daha bir yenilik

   Daşınmaz əmlakla bağlı daha bir yenilik
  23 Yanvar 2023    Oxunub:979
Daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi qaydası hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yaşayış sahəsinin yerləşdiyi ünvan üzrə qeydiyyatda olan şəxslər barədə məlumatların mötəbərliyinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə aşağıdakıları təmin etməlidir:

- rekvizitləri dəyişdirilmiş ünvanların vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdəki ünvanlarla informasiya sistemləri vasitəsilə unifikasiyası (eyniləşdirilməsi) və həmin vətəndaşların bu barədə məlumatlandırılması imkanlarının yaradılması;

- yaşayış sahəsinin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərə onların elektron müraciəti əsasında, habelə notariuslara real vaxt rejimində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və ata adı haqqında elektron sənəd təqdim edilməsi.

Bundan başqa, daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aparılacaq. “Bir pəncərə” prinsipi – daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı sadələşdirilmiş inzibati icraatdır.

Qanuna əsasən, daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur:

- informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi;

- hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi;

- hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə köçürülməsi.

Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, “Bir pəncərə” prinsipinin tələbləri tətbiq olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti