Heydər Əliyevin xatirəsinə şahmat turniri keçirilsin – Dünya çempionundan təklif

Heydər Əliyevin xatirəsinə şahmat turniri keçirilsin –    Dünya çempionundan təklif
  30 Yanvar 2023    Oxunub:1439
Azərbaycan və onun dostları bu il mayın 10-da Milli Liderimiz Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcək. Ölkəyə rəhbərlik etdiyi illər ərzində Ulu Öndərimiz şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz bu diqqətin nəticəsində Azərbaycanın hər yerində şahmat məktəbləri açılıb, yeni-yeni istedadlar aşkara çıxarılıb və onlar müxtəlif yarışlarda ölkəmizi layiqincə təmsil ediblər. Mən də bu istiqamətdə əlimdən gələni əsirgəməmişəm.
Ölkəmizdə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan bir çox tədbirlər keçiriləcək. Onların sırasında idman tədbirlərinin keçirilməsi də çox vacibdir. Mərhum Heydər Əliyevin Azərbaycanın şahmat ölkəsi kimi tanınmasında və inkişaf etməsində müstəsna xidmətlərini nəzərə alaraq, mən də bəzi təkliflərimi ictimaiyyətlə paylaşmaq istəyirəm:

1) Aprel ayının ilk günlərindən etibarən bütün idman məktəblərində və müəssisələrində rayon miqyaslı idman yarışları keçirilsin;
2) Regional səviyyədə yarışlar aprelin ikinci yarısında başlasın və ayın sonuna qədər başa çatdırılsın;
3) Regional turnirlərin qalibləri may ayının ilk günlərində təşkil ediləcək final mərhələsində mübarizə aparsınlar;
4) Final mərhələsini imkan daxilində mədəniyyət paytaxtımız olan Şuşa şəhərində keçirək;
5) Yarışlarda idman məktəblərinin pedaqoji heyəti, o cümlədən, məktəb direktorları, onların müavinləri, idman müəllimləri, metodistlər və məşqçilər də yarışsınlar (təbii ki, bu təklif mümkün olan idman növlərinə aiddir - məsələn şahmat, dama, tennis və s.);
6) Yarışların sonunda həm şagirdlər, həm də pedaqoji heyətdən olan qaliblər kateqoriyalar üzrə mükafatlandırılsın.
7) Bundan sonrakı dövrdə fəxri adlara və mükafatlara təqdim edilməsi zamanı pedaqoji heyətin yetişdirdiyi şagirdlər (tələbələr) ilə bərabər şəxsi nailiyyətləri də nəzərə alınsın.

Hesab edirəm ki, belə bir turnirin keçirilməsi həm Milli Liderimizin əziz xatirəsinə verdiyimiz dəyərə dəyər qatacaq, həm də ölkəmizdə idman tarixində yeni bir səhifə açacaq.

Gənc idmançılarımızı daha çox vətənpərvər ruhda yetişdirmək, qalib Azərbaycana qalib idmançılar bəxş etmək hər birimizin müqəddəs borcudur.

Pedaqoji heyətin yarışlarda iştirakı daha böyük marağa səbəb olacaq. Bu həm də idmanı tədris edən həmkarlarımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə münbit şərait yaradacaq.

Pərvanə İsmayılova
Qızlar arasında Dünya və Avropa çempionu, FİDE ustası
Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru




Teqlər: Heydər-Əliyev   Şahmat  





Xəbər lenti