Təhsil Nazirliyi qalibləri mükafatlandırdı

Təhsil Nazirliyi qalibləri mükafatlandırdı
  17 May 2014    Oxunub:1626
Bu gün Təhsil Nazirliyində respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, istedadlı uşaqların vaxtında üzə çıxarılması, inkişaf etdirilməsi hər zaman prioritet istiqamətlərdən olub.

Onun sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da xüsusi istedadlı uşaqların və gənclərin hazırlığına xüsusi diqqət yetirilir və bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulur. Nazir müavini vurğulayıb ki, istedadlı uşaqların üzə çıxarılmasında, onların daha da yaxşı oxumağa həvəsləndirilməsində, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində fənn olimpiadaları xüsusi rol oynayır. Məktəblərdə müxtəlif fənlər üzrə olimpiadalarda iştiraka layiq şagirdlərin seçildiyini və onların hazırlığına nəzarətin gücləndirildiyini deyən C.Bayramov qeyd edib ki, bütün bunlar olimpiada hərəkatına təkan verir: “Biz inanırıq ki, olimpiada qalibi olan sizlər bundan sonra da həyatınızda bir çox uğurlara imza atacaqsınız. Amma sizin ilkin nailiyyətlərinizin sonrakı uğurlarınızda xüsusi yeri olacaq. Bu nailiyyət hamınızda özünüzə inam, gələcək nailiyyətlər üçün stimul rolu oynayacaq. Bu şagirdlərin yetişməsində müəllimlərə və valideynlərə təşəkkür edirik”.

Olimpiada barədə statistik rəqəmləri açıqlayan nazir müavini bildirib ki, respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə keçirilib: “Rayon (şəhər) mərhələsi üzrə I turun 36 908 nəfər iştirakçısından II tura 6 374 nəfər keçib, onlardan da 849-u yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib. Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri I-IV yerlərə, o cümlədən 20-si I, 27-si II, 61-i III, 81-i IV yerə layiq görülüb”.

Tədbirin davamında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, qalib məktəblərin nümayəndələri, qonaqlar olimpiadanın əhəmiyyətindən danışıb və fikirlərini bildiriblər. Sonda qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.(apa.az)


Teqlər:  





Xəbər lenti