Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar

   Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar
  04 Fevral 2023    Oxunub:848
İşğaldan azad edilmiş Qarabağa səfər edən beynəlxalq səyyahlar qrupu Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olub.
AzVision.az xəbər verir ki, səyyahların Şuşaya səfəri Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən başlayıb.

Şuşanın girişində beynəlxalq səyyahlar Xankəndi-Laçın yolu üzərində iki aya yaxındır fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə söhbət ediblər. Aksiya fəalları tələbləri barədə məlumat veriblər. Bildirilib ki, bu aksiya Azərbaycanın suveren ərazisində mədəni sərvətlərin qanunsuz istismarına, talanmasına və daşınmasına qarşıdır.



On iki ölkəni təmsil edən səyyahlar yolun humanitar məqsədlər üçün açıq olmasına, aksiya iştirakçılarının dinc şəkildə şüarlar səsləndirməsinə şahidlik ediblər. Dünya səyyahları aksiyada iştirak edən gənclərlə tanış olub, onlarla şəkillər çəkdiriblər.

Sonra Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar daha sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.



Qonaqlar güllələnmiş heykəllər barədə də məlumatlandırılıb. Qeyd olunub ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Səyyahlar, həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Səyahətçilər Şuşa şəhərində yaşayan uşaqlara hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.



Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də səyyahların azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.



Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Xarici səyyahlar 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Heyət üzvləri üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.











AzVision.az


Teqlər:





Xəbər lenti