Quranı yandıranların siyasi məqsədləri – ŞƏRH

// Xarici ekspertlər Ərdoğana qarşı oyun qurulduğunu deyirlər

   Quranı yandıranların siyasi məqsədləri –    ŞƏRH
  04 Fevral 2023    Oxunub:3766
“Stokholmdakı Müqəddəs Quranın yandırılması, şübhəsiz ki, dözülməz xarakter daşıyır və 250-450 min müsəlmanın yaşadığı demokratik İsveçə hörmət gətirmir. Böyük ölçüdə ksenofobiya xarakteri daşıyan bu aksiyanın təşkilatçıları və iştirakçıları planetin islam dininə etiqad edən iki milyarda yaxın insanına hörmətsizliklərini bütün dünyanın gözü qarşısında nümayiş etdiriblər”.
Bunu AzVision.az -a Qazaxıstanın R.B. Süleymanov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Yerkin Baydarov deyib. Onun sözlərinə görə, bu hadisə bütün müsəlman dünyasında qəzəb fırtınasına səbəb olub. Belə bir hərəkətə sadəcə ifadə azadlığına istinad etməklə haqq qazandırmaq olmaz.


Başqa konfessiyaların nümayəndələrinə və başqa mədəniyyət daşıyıcılarına münasibət ölkələrin mədəni səviyyəsini göstərir,- Baydarov deyib.- Qurani-Kərimin yandırılması, eləcə də son illərdə Məhəmməd peyğəmbərin və ardıcıllarının ələ salınması münasibətləri daha da gərginləşdirir, xristian-islam dialoqu istiqamətində bütün səyləri heçə endirir, qarşıdurma yaradır. Bu səbəbdən Stokholmda bu vandalizm aktını törədən şəxs layiqli cəzasını almalıdır. Məsələn, Misirdə bir müsəlman vaiz Amerika səfirliyinin qarşısında İncili yandırıldığı üçün 2012-ci ilin sentyabrında 11 il həbs cəzasına məhkum edilmişdi. Ancaq əmin ola bilərik ki, qondarma Qərb demokratiyası Stokholm hadisəsinə göz yumacaq.

Rusiyalı politoloq Dmitri Solonnikov isə hadisəni Avro-Atlantik blok (ABŞ, Aİ, NATO) ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdurması çərçivəsində nəzərdən keçirməyin tərəfdarıdır. Onun AzVision.az -a dediyinə görə, Avro-Atlantik qrup Ərdoğanın növbəti prezident seçkilərində uduzacağına ümid edir. Onların məqsədi yeni koalisiyanı hakimiyyətə gətirməkdir.

“Hələlik nisbət sosioloqların dediyi kimi, 50:50-dir. Əsas sual kürdlərin kimə səs verəcəyidir. Buna görə də, ABŞ İstanbulda silsilə terror aktları təşkil edib. Qərb Ərdoğanın kürd ərazilərinə zərbə endirməsini gözləyir və bununla da kürdləri mövcud hökumətlə potensial müttəfiqlikdən qoparmağa nail olmaq istəyir.


İsveçdəki təxribat, Quranın yandırılması Avropa mərkəzlərinin Türkiyəyə, bütün İslam dünyasına qarşı xüsusi təşkil etdiyi mədəni təcavüz aktıdır. Məqsəd Ərdoğanı kürdlərin əleyhinə danışmağa, onlarla razılaşmalarını pozmağa məcbur etməkdir. Ərdoğanın kürdlərlə ittifaqının qarşısı alınmalıdır ki, qarşıdan gələn seçki kampaniyasında onlardan dəstək ala bilməsin”, - D.Solonnikov qeyd edib.

Ekspertin fikrincə, isveçlilər bu vəziyyətdə “ifadə azadlığı” ilə bağlı boş sözlərin arxasında gizlənərək, digər xalqların mədəni, dini, tarixi dəyərlərini təhqir ediblər: “Quranın İsveç hakimiyyətinin dəstəyi ilə yandırılması bu ölkənin fərqli mədəniyyəti, başqa dəyərləri tanımaması deməkdir. Bu, bir daha göstərir ki, İsveç heç də özbaşına deyil, Avropa daxilində ən alçaq, iyrənc təxribatçı kimi hərəkət edir. Onların başqa mədəniyyətə, başqa dinə, başqa tarixə hörmətləri yoxdur. Alçaltmaq istədilər və alçaltdılar. Bütün dünya müsəlmanlarını təhqir etmək istəyirdilər və təhqir etdilər”.

Baş verənlər İsveçin NATO-ya daxil olmasına təsir edəcəkmi?
Ekspertin fikrincə, isveçlilər üçün bunun heç bir əhəmiyyəti yoxdur. “Onlar anti-Ərdoğançı, avropayönlü koalisiyanın qələbəsinə ümid edirlər. Ərdoğanın rəqibləri qalib gəlsə, İsveç avtomatik NATO-nun üzvü olacaq”, - Dmitri Solonnikov bildirib.

Avropaya İnteqrasiya Mərkəzinin direktoru, belaruslu politoloq Yuri Şevtsov isə AzVision.az -a deyib ki, İsveçdə ictimai etirazlarla bağlı sərt qanunlar var. Aksiyalara icazə verilir, lakin xırda təfərrüatları belə polis idarə edir. Quranın yandırılması da icazəli olub.

“Dar mənada İsveç elitası küçədəki avropalının gözündə Türkiyənin qeyri-Avropa mahiyyətinin təzahürünü yaratmağa çalışırlar. Bu da Türkiyənin AB-yə inteqrasiyasına mane olmalı, NATO-dakı əhəmiyyətini aşağı salmalıdır.

AzVision.az
Lap dar mənada, NATO-nun Vilnüsdəki yay sammitinə hazırlaşırlar. İsveç ya NATO-ya anti-Rusiya kursunun liderlərindən biri kimi yaxınlaşmaq, ya da bu dalğada Türkiyənin etirazına baxmayaraq, ən azından de-fakto NATO-ya daxil olmaq istəyir. Yaxud da İsveçdəki bəzi dairələr bu yolla Türkiyənin anti-İsveç mövqeyini gücləndirmək, Rusiyaya qarşı müharibəyə ciddi qarışmadığı üçün onu NATO-dan kənarda, NATO astanasında qoymaq istəyirlər.

İsveç belə radikal mövqelərin çox vaxt kifayət qədər uzlaşdırıldığı mürəkkəb bir ölkədir. O, ideoloji cəhətdən radikal anti-Rusiyaçı və anti-İslamçı olaraq qalacaq. Amma NATO-da olmayacaq və nəsə baş versə, nüvə raketləri İsveçə uçmayacaq. İsveç 100 ildən çoxdur ki, öz neytrallığını belə bir strategiya üzərində qurub”, - Y.Şevtsov bildirib.

Samir Vəliyev
Murad Nəcəfov

AzVision.az



Teqlər: Quran   Təxribat  





Xəbər lenti