"Türkiyədə zəlzələdə xəsarət alan azərbaycanlılarla bağlı məlumat var" - Səfirlik

 "Türkiyədə zəlzələdə xəsarət alan azərbaycanlılarla bağlı məlumat var" -    Səfirlik
  06 Fevral 2023    Oxunub:1801
6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir.

Səfirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, AFAD, digər əlaqədar dövlət qurumları, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gəlmiş nümayəndə heyəti ilə daimi operativ əlaqə saxlayır.

Səfirliyin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olmaqdadır.

Zəlzələnin baş verdiyi hər bölgə üçün Səfirliyin 1 əməkdaşı ayrılmış və bütün müraciətlər sistemləşdirilir. Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır. Xəsarət alan və evləri yararsız hala düşmüş vətəndaşlarla bağlı müəyyən məlumatlar mövcuddur. Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcəkdir.

Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə Səfirliklə əlaqə saxlamaları xahiş olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti