“Quranın yandırılması Rusiyanın əlinə işlədi” – İsrailli ekspert (Eksklüziv)

   “Quranın yandırılması Rusiyanın əlinə işlədi” –    İsrailli ekspert (Eksklüziv)
  07 Fevral 2023    Oxunub:3119
“Stokholmda Quranın yandırılması ilə bağlı yaranmış qalmaqaldan Rusiya böyük fayda götürəcək, çünki İsveç və Finlandiyanın NATO-ya qəbulu praktiki olaraq qeyri-müəyyən müddətə təxirə salınıb”.
Bunu AzVision.az -a israilli politoloq, Şərq Tərəfdaşlığı İnstitutunun (Yerusəlim) sədri Abraham Şmuleviç deyib. Onun sözlərinə görə, İsveç və Finlandiya hökumətləri çoxillik reseptdən imtina ediblər.

“Onların xalqları, hökumətləri və parlamenti ölkənin NATO-ya daxil olmasına razıdırlar. Yəni bu ölkələr neytrallıqdan əl çəkiblər və NATO-ya üzvlük üçün müraciət ediblər. Bu, Rusiya Federasiyası üçün son dərəcə xoşagəlməz bir dönüşdür. NATO demək olar ki, onun sərhədlərinin düz yanına gəlir. Bu, Peterburqun böyrüdür, Moskvadan da çox uzaq deyil”,- Şmuleviç deyib.

NATO konsensus prinsipi ilə fəaliyyət göstərir. Yeni bir ölkənin ona daxil olmasını təsdiqləmək üçün hamının razılığı lazımdır. Bu, bloka daxil olan bütün ölkələrə aiddir. Hazırda yalnız iki ölkə - Türkiyə və Macarıstan razılıq verməyiblər. Şmuleviçin fikrincə, Türkiyə Skandinaviya ölkələri üçün ən böyük maneədir. Çünki Türkiyənin İsveç və Finlandiya ilə həqiqətən ciddi ziddiyyətləri var.

“Söhbət bu ölkələrin Türkiyəyə qarşı təxribat və terror müharibəsi aparan PKK-ya dəstəyindən gedir. İsveç və Finlandiya illərdir kürd yaraqlılara siyasi sığınacaq veriblər. Lakin Ərdoğan hökuməti, İsveç və Finlandiya rəsmiləri onilliklər ərzində yığılmış bu problemin həllində maraqlı olduqlarını bildiriblər. Maneələrin əksəriyyəti demək olar ki, aradan qaldırılmışdı. Ancaq qəflətən bu hadisə baş verdi. Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırıldı. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Aydındır ki, vəziyyəti xeyli çətinləşəcək və NATO-nun genişlənməsi ən azı qeyri-müəyyən müddətə təxirə salacaq”, - A.Şmuleviç qeyd edib.

Murad Nəcəfov
AzVision.az

Müxtəlif mövzularda eksklüziv ekspert rəylərilə tanış olmaq üçün "Təhlil Lenti"nə keçin.


Teqlər:   Təxribat  





Xəbər lenti