"Zəlzələ bölgəsində 1 azərbaycanlı ölüb" - XİN

   "Zəlzələ bölgəsində 1 azərbaycanlı ölüb" -    XİN
  08 Fevral 2023    Oxunub:1023
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan vətəndaşlarına yardım göstərilməkdədir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, Türkiyədəki Səfirliyimizdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır.
Bu barədə AzVision.az -a XİN-dən məlumat verilib.

"Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.

7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınmışdır. Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin!", - nazirlikdən qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti