TAİB Türkiyəyə geyim və ərzaq yardımı göndərir

TAİB Türkiyəyə geyim və ərzaq yardımı göndərir
  08 Fevral 2023    Oxunub:587
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinini (TAİB) mərkəzi ofisində Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirən insanlarla bağlı "Kədəriniz kədərimizdir, Türkiyə" adlı anım mərasimi keçirilib.
TAİB-dən AzVision.az -a verilən məlumata görə, tədbirdə fəlakət zamanı həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Natiqlər çıxışlarında Türkiyədəki matəmin təkcə qardaş deyil, ümumi türk dünyasının matəmi olduğunu bildiriblər.

Vurğulanıb ki, qanı bir, canı bir qardaşlarımızın başına gələn müsibət hamımızın ürəyini qanadıb, hər bir azərbaycanlı gücü çatan qədər yardım etməyə çalışır.

Tədbir əsnasında qeyd olunub ki, qardaş ölkəyə ilk yardım edən Azərbaycan olub.
Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyəyə yardımla bağlı müvafiq qurumlara göstəriş verib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təcili olaraq Türkiyəyə yola düşüblər və hazırda 725 nəfərlik heyət xilasetmə əməliyyatlarında iştirak edir.

Dövlət başçısının tövsiyələrinə və xalqımızın təşəbbüsünə qoşularaq TAİB də yardım kampaniyasına start verib. Zəlzələ baş verən əraziyə xeyli geyim, ərzaq göndərilir.
Anım mərasimində TAİB-in İdarə Heyətinin üzvləri, Qadınlar Şurasi, Gənclər Təşkilatı, ictimaiyyət nümayəndələri iştirak edib.




AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti