Sosial artımlar nəyin hesabınadır? – TƏHLİL

   Sosial artımlar nəyin hesabınadır? –    TƏHLİL
  13 Fevral 2023    Oxunub:3330
İlin əvvəlində dövlət başçımız İlham Əliyevin Sərəncamı ilə minimum əməkhaqqı, pensiya və demək olar bütün növ sosial müavinətlər, təqaüdlər artırıldı. Ümumən, 1,9 milyon vətəndaşı əhatə edən bu sosial paketin icrası üçün il ərzində 750 milyon manat vəsait xərclənəcək.
Bəs bu vəsait nəyin hesabınadır: Neftin, yoxsa dövlət büdcəsinin neftdənkənar gəlirlərinin?!

Son illər ərzində neftin dünya bazar qiymətləri bizim üçün əlverişli olub. Dövlət büdcəmizdə proqnozlaşdırılandan demək olar ikiqat artıq gəlir götürmüşük. İl ərzində büdcənin icrasının yekununda profisitin əldə olunması məhz bunun nəticəsidir.

Bundan əlavə, 2019-cu ildən etibarən dövlət büdcəmizə neftdənkənar gəlirlər - vergi və gömrük kanalları üzrə daxilolmalar da artım nümayiş etdirir. 2019-cu ildə həyata keçirilən islahatlar nəticəsində vergi və gömrük orqanlarının xəttilə dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsait daxil olmuşdu. Sonra pandemiya işləri korlasa da, 2021-ci ildə vergi daxilolmaları 15,5 % artaraq 8,5 milyard manat təşkil etməklə proqnozu 17,7% üstələdi.
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artıb. Yəni, 15 milyard 541,5 milyon manata bərabər olub.

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr ayları ərzində dövlət büdcəsinə gəlirlər 30 milyard 660 milyon 600 min manat, xərclər isə 32 milyard 008 milyon 300 min manat təşkil etməklə 1 milyard 347 milyon 700 min manat (ÜDM-in 1%-i qədər) kəsir yaranıb. Bu, əvvəlki ilə nisbətən 35,6% çox olsa da, gəlir və xərclər 2021-ci illə müqayisədə müvafiq olaraq 16,2% və 16,7% yüksəkdir.

Sözüm ondadır ki, dövlət büdcəsinin profisitə yaxın icrasında bəlli səbəblər var. Birincisi, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində budcə-vergi (fiskal) siyasəti təkmilləşib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsinin də iş üslublarında və yığım mexanizmlərində böyük keyfiyyət dəyişiklikləri baş verib.

İkincisi, qeyri-neft-qaz sektoru inkişaf edir. Bu, daha önəmli faktordur. İqtisadiyyatda şəffaflığın artması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin güclənməsi nəticəsində açıq rəqabət mühitinin yaranması dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlərin qeyri-neft-qaz sektorundan vergilərin hesabına artması üçün geniş yol açır.

Digər faktor ondan ibarətdir ki, 2014-2015-ci illərdə dünyada neftin qiymətinin kəskin şəkildə enməsi səbəbindən 2015-ci ildə manatın məzənnəsinin iki dəfə devalivasiyaya uğramasından sonra ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bütün zəruri addımlar atılır. Məhz bu siyasətin nəticəsidir ki, son 5 ildə çox böyük irəliləyişlər əldə edilib və edilir. Bu özünü ÜDM istehsalının həcmində qeyri-neft-qaz sektorunun payının yüksəlməsində, həmin sahədən ixracın və büdcəyə gəlirlərin artmasında göstərir.

Yeri gəlmişkən, xatırladım ki, keçən ilin ortasında dövlət büdcəsinə dəyişikliklər də sırf neftin qiymətinə əsasən deyil, məhz qeyri-neft-qaz sektorundan əldə olunan gəlirlərin hesabına baş verdi. Neft Fondundan transfert məbləğinin artırılmaması, əksinə, azaldılması buna ən bariz nümunə sayıldı.

Üçüncü səbəbə gəlincə, Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmaların artmasında inflyasiyanın da rolu oldu. Ən böyük bahalaşma ili kimi yadda qalan 2022-ci ildə qiymətlərin artması büdcəyə mədaxili genişləndirdi.

Lakin dövlət büdcəsinə gəlirlərdə qeyri-neft-qazdan daxilolmaların artmasında inflyasiya amilinin rolu və təsiri sırf keçən ilə aiddir, yuxarıda isə son 5 ilin ərzindəki tendensiyanı qeyd etdim.

Beləliklə, son 5 il ərzində dördüncü sosial paketin icrası məhz ölkə iqtisadiyyatında artımın nəticəsidir və bilavasitə təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələrdən gəlir və vəsait daxilolmalarının hesabınadır. Dövlət başçımız İlham Əliyev isə dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa birbaşa əhalinin sosial ehtiyacları üçün xərclənəcək.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial-siyasət   İqtisadiyyat  





Xəbər lenti