Nazir: "Türkiyədəki bəzi tələbələrimizlə bağlı hələ də məlumat yoxdur"

      Nazir:    "Türkiyədəki bəzi tələbələrimizlə bağlı hələ də məlumat yoxdur"
  13 Fevral 2023    Oxunub:1318
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə zəlzələdən sonra universitetlərdə dərslərin onlayn keçməsi ilə əlaqədar azərbaycanlı tələbələrin ölkəyə gətirilməsi üçün Nazirlik tərəfindən hər hansı plan hazırlanıb-hazırlanmadığı məsələsinə münasibət bildirib.
Nazir bildirib ki, Türkiyədə baş verən zəlzələ böyük fəlakətdir: “Türkiyəli həmkarlarımızla da bu barədə ünsiyyətimiz olub. Hələ ki, az vaxt keçib, birinci mərhələdə məqsəd zəlzələdən birbaşa əziyyət çəkmiş və Azərbaycana qayıtmaq istəyən tələbələrlə bağlı məsələdir. Bu işi birbaşa olaraq Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyi həyata keçirir.

Təəssüf ki, bəzi tələbələrimizlə bağlı hələ də müfəssəl məlumat yoxdur. Buna görə, birinci mərhələdə əsas məqsəd Türkiyədəki tələbələrlə bağlı informasiyanı düzgün tapmaq, çatdırmaq və geri qayıtmaq istəyənlərin qayıdışını təmin etməkdir. Daha sonra isə onların təhsilini davam edilməsi ilə bağlı məsələləri müvafiq qaydada tənzimləməkdir. Həmin tələbələr Türkiyədə yerləşən universitetlərin tələbələridir və o proqramla təhsil alırlar.

Bildiyim qədəri ilə Türkiyədə bir çox ali məktəblər artıq onlayn təhsilə keçiblər. Bundan sonra tələbələrin Azərbaycana gəlib buradan onlayn dərslərə qoşulmaları ilə bağlı məsələni tələbələr ayrı-ayrılıqda universitetləri ilə dəqiqləşdirə bilərlər. Hazırda əsas məqsədimiz Azərbaycanın müvafiq qurumları ilə bərabər zəlzələdən əziyyət çəkmiş tələbələrimizin müəyyənləşməsi, onlarla bağlı doğru informasiyanın formalaşdırılması və Türkiyədə fəaliyyət göstərən səfirliyimizlə koordinasiya edilmiş, mərkəzləşmiş qaydada informasiyanı paylaşmaqdır”.

AzVision.az



Teqlər:





Xəbər lenti