Azərbaycan Tibb Universitetinin tələbəsi də zəlzələdə həlak oldu

   Azərbaycan Tibb Universitetinin tələbəsi də zəlzələdə həlak oldu
  15 Fevral 2023    Oxunub:1243
Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi həlak olub. Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.
"Sizinlə acı bir xəbəri bölüşmək istəyirəm. Böyük təəssüf və kədər hissi ilə qeyd etmək istəyirik ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da həlak olub.

Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.

ATU rəhbərliyi və kollektivi zəlzələdə həlak olanların ailələrinə, yaxınlarına dərin acı və hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, doğmalarına səbr versin".

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan İnönü Universitetinin azərbaycanlı tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

Həlak olan tələbələrin cənazələri sabah Azərbaycana gətiriləcək.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti