Sənin Allahın hansındandır? – Vüsal Məmmədovun yazısı

   Sənin Allahın hansındandır? –    Vüsal Məmmədovun yazısı
  15 Fevral 2023    Oxunub:5969
Zəlzələdən sonra cəmiyyətdə din mövzusunda yaşanan afterşoklarda əslində təəccüblü heç nə yoxdur. Onillər ərzində insanların ilahiyyat savadı (din yox, məhz ilahiyyat – bunlar ayrı-ayrı şeylərdirlər) yüz ballıq şkalada haradasa 0,01-dən aşağıda olacaqsa, sonda veriləsi sual da budur: “Allah bu qədər günahsız insanın, körpənin, qocanın ölümünə niyə imkan yaradır?”
Bu sualın cavabı yoxdur. Çünki bu suala cavab vermək üçün əlinizdə yetkin bir Allah konsepsiyası olmalıdır. Nəyə inandığınızı bilməli, aydın təsəvvür etməlisiniz. Əgər “Onun nə olduğunu heç kim bilmir” deyərək, məchula inanmaqda israrlısınızsa, suallara cavab vermək üçün gücənməyə də son qoyun. Zira, bilməməyin bir adı var.

“Allah konsepsiyası” deyəndə mən nəyi nəzərdə tuturam?! Lap qədim dinlərin – animist inancların Allahları bizim aramızda yaşayır və praktik olaraq hər şeyə qarışırdılar. Onlar bizim ovumuzu uğursuz, məhsulumuzu zay, hətta bilmədən uşağını zədələsək, əvəzində balamızı şikəst edə bilərdilər. Son dərəcə bizə oxşayan allahlar idilər (Əslində elə indiki də xasiyyətcə bizdən çox fərqli deyil). Bu allahlar o qədər uzun müddət aramızda yaşayıblar ki, bəzi inanclarda indi də təsirlərindən çıxa bilmirik (Məsələn, insan əslində yoluna çıxan qara pişikdən yox, binəva canlının təcəssüm etdiyi Allahdan qorxurdu).

Sonra din təkamül edir və politeizmə çevrilir. Politezimin allahları da hər şeyə qarışırdılar, amma daha animistlər qədər yox. Onlar bizim aramızda deyildilər – lütf edib, dağın (Olimpin) başına qalxmışdılar. Oradan dünya səhnəsində oynayan tamaşaya rejissorluq, ssenaridən narazı qalanda isə müdaxilə edirdilər. Bəzən şəxsən səhnəyə endikləri də olurdu. Zəlzələ, şimşək, fırtına, hətta fəsillərin dəyişməsi bu allahların kurasiyasında qalmaqda idi.

İlk monoteist dinlərin allahları artıq dağın başında da durmayıb, göyə çıxdılar və səlahiyyətlərinin bəzilərindən imtina etdilər. Ölüm-qalım, səhhət-mərəz, xeyir-şər kimi qlobal məsələlər yenə də onların nəzarətində idi, amma daha əvvəlki kimi daimi əsaslarla yox, ekstremal hallarda təbiətin və cəmiyyətin işinə qarışır, məsələn, daşqın törədir, yaxud, dənizi ikiyə ayırırdılar.

Dünya orta əsrlərin qaranlığından çıxandan sonra dinin təkamülü Allahın nümayəndələrinin iştirakı olmadan davam etdi, çünki daha heç kim bu rolu kütləyə qəbul etdirə bilmir, yeni din yaratmaq cəhdləri olsa-olsa sektaların əmələ gəlməsilə nəticələnirdi. Belə biz vəziyyətdə Allahın təkamülü fəlsəfi fikrinin çərçivəsində davam etdi və ortaya ölçülü-biçili konsept olan deizm çıxdı.

Deizmə görə bəli, Allah var, amma onun dəftərxanası, kitabı, elçisi, canişinləri, adından danışmaq üçün səlahiyyət verdikləri yoxdur; Allah dünyanın işlərinə də qarışmır və istər cəmiyyətdəki, istərsə də təbiətdəki proseslər öz daxili mexanizmlərinin təsirilə hərəkət edirlər. Yəni özünüzü və hətta planetinizi Allahın şəxsi diqqətində olacaq qədər böyük saymayın!

...İndi isə görək ki, biz, daha doğrusu, siz harada, yəni hansı mərhələdə qalmısınız? Sizin Allah konsepsiyanız bunlardan hansına daha yaxındır?

Əgər sizin Allahınız teizmin hər şeyə görə məsuliyyət daşıyan, özünə dost-düşmən seçən, birinə mükafat, o birinə cəza verən Allahıdırsa, onda zəlzələ ilə bağlı suallardan cırnamaq lazım deyil. Bunlar sizin konseptə tamamilə uyğun suallardırlar. Buyurun, izah edin ki, soyuqda dağıntılar altında ölən körpəni Allah nədə sınağa çəkirdi?!

• Yox, əgər ilahiyyat təfəkkürünüz (mən bilərəkdən “dini təfəkkürünüz” demirəm, bunlar ayrı-ayrı şeylərdirlər!) 17-ci əsrdən bu yana keçibsə və deizm haqqında nə zamansa ciddi düşünmüsünüzsə, onda bu tip sualların sizin üçün ümumiyyətlə, mənası yoxdur. Fəqət bu halda bilməlisiniz ki, sizin “Allaha xoş gəlmək üçün” etdiyiniz (və ya etmədiyiniz) əməllər də Onun vecinə deyil. O, dünyanı işlərinə qarışmır. Özünüzü bu dərəcədə böyük görməyin!

Beləliklə, xanımlar və cənablar, hansı konseptin çərçivəsində danışacağıq? Əvvəlcə bunu müəyyən etmək lazımdır.

Yazını bura qədər oxuyanlar indi məni söyüb-lənətləyərək, deyirlər ki, “Ey kafir, cəhənnəmdə yananda sənə konsepsiya göstərəcəklər! Allah hər şeyə qadirdir. Amma onun nə olduğunu biz bilə bilmərik! Sən öz axmaq başınla Allahı necə dərk edə bilərsən axı, ey miskin insan?!”

Razıyam, amma onda gəlin heç birimiz dərk etmədiyimiz, nə olduğunu bilmədiyimiz şeydən danışmayaq. Əgər Allahın nə olduğunu dərk etmək mümkün deyilsə, ateist də, dindar da eyni dərəcədə cahildirlər (Təbii ki, pozitivist elmin sərhədlərindən qırağa çıxanda; elmin çərçivəsində isə bütün üstünlük ateistin əlindədir çünki bilmədiyi şeydən danışmır).

Bu necə olur ki, xilas edilən uşaq Allahın mərhəmətindən xəbər verdiyi halda, ölən uşaq onun zalımlığını göstərmir?! Konsepsiya natamam alınır. “İkili standart” ortaya çıxır. Ya da qəbul etməliyik ki, məşhur lətifədə olduğu kimi, “Div qardaş özü bilər…” Bu halda da nəyisə müzakirə etməyin mənası qalmır.

Mövzuya məhz bu tərəfdən – Allah konsepsiyası prizmasından yanaşmaq üçün ölkədə milli ilahiyyat elmi, milli ilahiyyat təfəkkürü və milli ilahiyyatçılar olmalıdır. Heç biri yoxdur. Biz politologiyanın nə, politoloqun kim olduğunu düzgün anlamadığımız kimi, ilahiyyatı islamşünaslıqdan, islamşünası ilahiyyatçıdan ayıra bilmirik. Məsələn, Elşad Miri ilahiyyatçı deyil, ultraliberal islamşünasdır və bütün sualları bu konsepsiyadan çıxış edərək cavablandıracaq. Hacı Şahin Həsənli ilahiyyatçı deyil, mühafizəkar şiə mollasıdır və o da sualları bu konsepsiyadan izah edəcək. Bizə isə milli təfəkkürə malik ilahiyyatçı lazımdır. O da nəinki fərd, ümumiyyətlə, sinif olaraq ölkədə mövcud deyil.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Din   İlahiyyat  





Xəbər lenti