"Uşağımız dünyaya gələndən sonra ərimə olan hisslərim yox oldu" - Aydan Salahova + Müsahibə

   "Uşağımız dünyaya gələndən sonra ərimə olan hisslərim yox oldu" -   Aydan Salahova +  Müsahibə
  22 Fevral 2023    Oxunub:6233
Prodüser Aleksey Bokovun Rusiyanın Əməkdar incəsənət xadimi, rəssam və heykəltaraş Aydan Salahovaya həsr etdiyi “Aidan.doc” sənədli filmi bu yaxınlarda işıq üzü görüb.
Çəkilişlər Salahovanın İtaliyadakı evində, onun emalatxanasında və İtaliyanın Karrara şəhərindəki məşhur mərmər karxanasında aparılıb. Layihənin 58 yaşlı rəssamı xərçəng üzərində qələbədən, peşəkar uğurlarından, valideynlər və sevgililərlə münasibətlərindən danışıb.

AzVision.az filmdən maraqlı epizodları təqdim edir :

Uşaqlıq

- Uşaqlıqdan hər yerdə yad olduğumu hiss etmişəm. Həmişə tək oynayırdım, heç kimin mənə toxunmaması xoşuma gəlirdi. Evdə heç bir hiss yox idi, sanki bu yer üzündə yadplanetlisən və çox da rahat deyilsən. Vaxtaşırı məndə bu hisslər yaranır, daha çox isə nəsə yolunda getməyəndə. Artıq özümü bir sənətkar kimi dərk etməyim “incəsənət” adlı bir ölkənin vətəndaşı olmağıma kömək etdi.

Anam maksimalist insan idi: bura evin mükəmməl təmizliyi, mükəmməl qurulmuş masa, mükəmməl makiyaj, mükəmməl paltar daxil idi. Onun bu təmizlik sevgisi məndə müqavimət oyatdı, ömrümün ilk yarısını tam qarışıqlıq içində keçirdim .Uşaqlıqda valideynlərimlə çətin münasibətim olduğunu düşünürdüm.



Təhsil
-Rəssamlıq məktəbində, V. İ. Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunda oxumaq və atamın yanında təhsil mənə yaxşı akademik təhsil verdi. Hamı sosialist realist üslubunda rəsm çəkəndə, Salaxov emalatxanası onun üslubunda tamam başqa cür rəsm çəkirdi.

İlk əri ilə tanışlıq, evlilik və oğlu Kayın doğulması

-İlk qalereyama gəldi, illüstrasiyalarla birlikdə kiçik əsərlərini verdi və biz onları uğurla satdıq. Bir dəfə o, ağ qızılgüllə gəlmişdi, elə bildim ki, mənim üçündür, amma o gülləri özü ilə apardı. Bu, mənim diqqətimi çəkdi. Ondan sonra bizim münasibətimiz başladı. Daha sonra Amerikaya tez-tez səyahət etməyə başladıq. Robert Rauşenberqin mənə verdiyi tablonu Sohoda mənzillə dəyişdim.

Sonra ABŞ-da uşaq dünyaya gətirmək qərarına gəldim. Bizim belə bir fikrimiz yox idi ki, rəsmi ailə quraq. Amma mən iş vizası üçün rəsmi imza atmalı idim. O zaman hamiləliyin doqquzuncu ayında idim.

Çətin bir dövr idi, çünki hamiləlik dövründə demək olar ki, yaradıcılıq baxımından heç nə etməmişəm. Sonra ərim mənim üçün şərtlər qoydu: seçim etməli idim - ya rəssamam, ya da qalereyaçıyam.



Hesab edirəm ki, evlilik sisteminə yenidən baxılmalıdır. Mən İsveçrə qanunvericiliyini daha çox bəyənirəm, hansı ki, ortaqlığı nəzərdə tutur. Onlarda belə müqavilələrin bağlanmasının beş-altı növü var.

Təəssüf ki, dünyada cəmiyyət buna hazır deyil. Uşaq dünyaya gələndə ərimə olan hisslərim birdən yox oldu. Əsas konfliktimiz o idi ki, o, qadının rəssam ola biləcəyinə inanmırdı.

Mən Qrişa ilə (indiki həyat yoldaşı Qriqori Reçan ) tanış olanda 48 yaşım var idi. Onun isə 33-34 yaşı olduğunu düşünürdüm. Səndemə 24 yaşı var imiş. Ancaq bu məni qorxutmadı. İnsanların nə düşündüyü məni maraqlandırmır.

Həftə içi özümü işçi kimi hiss edirəm, həftə sonları isə paltarlı qadınam, artıq çəkic yoxdur, şorba bişirə bilirəm.

Sənətçinin ilk əri Qor Çahal idi, onların Kay adlı bir oğulları var. Ondan ayrıldıqdan sonra Salahova rəssam Sergey Şutov və qalereyaçı İrakli Purtsxvanidze ilə münasibətdə olub. Bir neçə il əvvəl o, sonradan evləndiyi Qriqori Reçanla görüşməyə başlayıb.



Xərçənglə mübarizə

- Xərçəngə qalib gələcəyimə şübhəm yox idi. Ancaq üç ay ərzində yan təsirlərə və şiddətli ağrılara hazır deyildim.

Dostlarıma stomanı çıxartdığımı (bağırsaq və ya onun bir hissəsi götürüldükdən sonra qarın boşluğunun ön divarında cərrahi yolla yaradılmış deşik, bağırsağın içindəkiləri boşaltmaq üçün nəzərdə tutulmuş deşik) deyəndə, onlar dəhşətə gəldilər. Rusiyada bu barədə danışmaq adət deyil.

Ağrılar içində işləməyə davam etdim. Eyni zamanda, xəstəlik mənə “yox” demək bacarığı verdi. Cəmiyyətə, ünsiyyətə “yox” deməkdə çətinlik çəkirdim. Mən çox mülayim insanam və insanları sevirəm. Bu, şərq tərbiyəsidir. Ən pisi odur ki, hamı sənə rəhm edib “döz” deyir. Xəstəlik yaxınlarının problemlərinə görə narahat olmamağı öyrədir. Hər dəfə radioterapiyaya gələndə bu aparatın altında ağlıma müxtəlif fikirlər gəlirdi.

Aydan Salahova qrafika və rəngkarlıqla məşğuldur, indi rəssam heykəltəraşlıqla məşğul olur, onun yaradıcılığını abstraksionizm və konseptualizm kimi üslublara aid etmək olar.

Onun sərgiləri London, Paris, Dubay, Berlin, Roma, Sankt-Peterburq və Bakıda keçirilib. Rəssamın əsərləri Dövlət Tretyakov Qalereyası, Moskva Müasir İncəsənət Muzeyi və Yekaterina Mədəniyyət Fondu da daxil olmaqla şəxsi və ictimai kolleksiyalardadır. İndi yaradıcılığı tez-tez feminizmlə bağlı olan Salahova vaxtının çox hissəsini İtaliyanın Karrara şəhərindəki emalatxanasında keçirir. A. Salahova mərhum Xalq rəssamı Tahir Salahovun qızıdır.



İkinci Həyat yoldaşı ilə
Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti