Əldə edilən məlumatların təhlili göstərdi ki, bütün bu proseslər bir mərkəzdən-Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyət aparan strukturu və orada fəaliyyət göstərən bir neçə əməkdaş tərəfindən idarə olunur. Onların ifşa olunması üçün xüsusi plan hazırlandı və qərara alındı ki, onların zəif nöqtələri müəyyənləşdirilsin.
"Yaşar Həşimov" adı ilə sosial şəbəkədə yazılar yazan şəxsin özü haqqında verdiyi məlumatların təhlilindən sonra qərara alındı ki, onun ətrafına qadınlar nüfuz etdirilsin. Qoyulan tələblərə uyğun qadın obrazı yaradılaraq təxminən 1 il ərzində həmin şəxslə danışıldı. Düşmənin Azərbaycanda yeni effektiv və perspektivli mövqe yaradılmasını düşünməsinə baxmayaraq, əslində bu DTX tərəfindən aparılan bir oyun idi.
Qarşı tərəfin marağını cəlb etmək üçün həm də maraqlı ad seçmək lazım idi. "Cananə" adlı qadın obrazımız qarşı tərəfə sosial şəbəkədən dostluq göndərdi.
O, bəzən Azərbaycanda əlaqə yaratmaq istədiyi şəxslərə fərqli məlumatlar təqdim edib. Təbii ki, məlumatların hamısı yalan idi və sonra dediyini xatırlamırdı. İlkin cəhd bizim obraz tərəfindən olub, sonra inandırdıq ki, dostluq həmin şəxs tərəfindən edilib.
Azərbaycanda əlaqə saxladığı şəxslərə 30 il əvvəl buradan köçmüş, Rusiyanın Şimali Qafqaz regionunda məskunlaşmış azərbaycanlı kimi təqdim etməyə çalışırdı. Azərbaycan dilini mükəmməl bilməsi onu xilas edən məqamlardan idi. Hətta bir səhv buraxmışdı, əsirlərə və yaratdığımız obraza Gəncəbasar zonasından olmasını bildirib. Qarşı tərəfin tam etibarını qazanmışdıq.
DTX rəsmisi qeyd edib ki, Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan səhifələri idarə edən şəxslər ölkəmizdə baş verən proseslər barədə məlumatlıdır:
"Məlumatlar isə daha çox müxalif qüvvələrdən alınan informasiyalara bənzəyirdi. Ermənistan xüsusi xidmət orqanlarının öz fəaliyyətlərində buraxdıqları səhvlər onların qeyri -peşəkar olmadıqlarını deməyə əsas vermir. Əslində bütün problemlərin səbəbi onların Azərbaycanda gedən proseslər barədə məlumatsız olmağıdır.
Cananə obrazı ilə danışıqda özünü Yaşar adlandıran şəxs onun əsirinə çevrilmişdi. Sonradan bütün həqiqəti, erməni olmasını, adının Artur Arustamyan olmasını, xüsusi xidmət orqanlarında çalışmasını bildirib. Hətta inandırmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi tədbirdən şəkil və video göndərib.
Vaxtilə azərbaycanlı əsirlərə işgəncə verən Artur "Cananə" nin əsiri idi.
Keçirilən əməliyyat tədbirləri nəticəsində aydınlaşdırılıb ki, həmin şəxs 1971-ci ildə Gəncə şəhərində anadan olan Artur Arustamyan Karenoviçdir. Onun ailə üzvləri də müəyyənləşdirilib. Artur Ermənistan milli təhlükəsizlik xidmətinin Azərbaycana qarşı fəaliyyət göstərən idarəsinin rəhbər şəxslərindən biridir. O, soydaşlarımızla müxtəlif sosial şəbəkələrdə müxtəlif şərti adlarla əlaqə yaradıb.
Ermənistan hakimiyyət orqanları elə fikir yaratmışdı ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycan haqqında tam məlumatlıdır və lazım olan nöqtələrdə kəşfiyyat mövqeləri var. Azərbaycanın hər hansı həmləsi haqqında məlumat əldə edəcəklər. Lakin postmüharibə dövründə real vəziyyət göz qabağında idi, ermənilər hər bir istiqamət üzrə Azərbaycana məğlub oldular.



Aytən Zəhra
AzVision.az