`Vyetnamda neft sektorunu Heydər Əliyev qurub` - MÜSAHİBƏ

`Vyetnamda neft sektorunu Heydər Əliyev qurub` - MÜSAHİBƏ
  20 May 2014    Oxunub:4547
Azərbaycan Prezidenti İlham Əliyevi Vyetnama dövlət səfərində müşayiət edənlərin arasında təcrübəli neftçi və geoloq, uzun müddət həmin ölkədə çalışmış Tofiq Məhəmmədov da var idi. AzVision.az dünən gecə Bakıya qayıdan Tofiq müəllimin səfər təəssüratlarını öyrənib.

- Prezidentlə birgə Vyetnama dövlət səfərinə getmişdiniz. Səfəriniz necə keçdi?


- Gecə saat 4-də gəlmişik. Görüşlərdə iştirak etdik. Bəzilərinə protokola uyğun olaraq, mən qatılmamışdım. Ancaq iki görüşdə iştirak etdim. Biri Cənab Prezidentlə Azərbaycanın ali məktəblərini bitirən vyetnam mütəxəssislərilə görüş, digəri isə Cənab Prezidentin və xanımının şərəfinə təşkil olunan ziyafət.

- Keçirilən görüşləri necə qiymətləndirirsiniz?

- Görüşlər yüksək səviyyədə keçirildi. Dövlətlərarası sənədlər imzalandı. Ho Şi Minin mavzoleyinə, qəhrəmanların abidəsinə əklil qoyma mərasimində iştirak etdik, Vyetnam Kommunist Partiyasının birinci katibi, Nazirlər Sovetinin sədri ilə, daha sonra Vyetnam dövlətinin prezidentilə görüşdük və sonda ziyafət verildi. Cənab Prezident axırıncı görüşdə azərbaycan dilində çıxış etdi. Həmin çıxış vyetnam dilinə tərcümə olunurdu. Azərbaycanda oxumuş tələbələrilə görüşdə isə tələbələrin hamısı rus dilini bildiyi üçün Cənab Prezident rus dilində çıxış etdi. Çox gözəl bir çıxış oldu. Orada vyetnamlı tələbələr azərbaycan dilində `tələbə` mahnısını oxudular.

- Vyetnam çalışmış bir şəxs kimi Azərbaycan-Vyetnam əlaqələri barəsində nə deyə bilərsiniz?

- Bizim dövlətlə Vyetnam arasındakı münasibətlər uzun bir dövrü əhatə edir. Hələ Sovet dövründə daha sıx əlaqələrimiz var idi, çünki Veytnam üçün hazırlanan mütəxəsisslərin əksəriyyəti Azərbaycanda oxumuşdular. Hazırda da orada neft sektorunda çalışanların çoxu Azərbaycanda hazırlanıb. 1970-1980-ci illərdə Azərbaycanın ali məkətblərində, həm hüquq, həm iqtisadiyyat, həm tikinti sahəsində çoxsaylı mütəxəssislər yetişdirilib. SSRİ dağılandan sonra bu proses bir az səngidi. Cənab Prezident də çıxışında dedi ki, bu ənənələri bərpa etmək, möhkəmləndirmək lazımdır. Yəqin ki, bu səfərindən sonra əlaqələr daha da möhkəmlənəcək.

- Vyetnamlıların azərbaycanlılara münasibətini necə dəyərləndirirsiniz?

- Vyetnamlıların azərbaycanlılara qarşı gözəl münasibəti var. Yenə də həmin münasibətlər qalıb, Vyetnam xalqı bizi həmişə sevib, biz də o xalqı sevmişik. Sakit, qonaqpərvər millətdir. Çalışırlar ki, əlaqələr yaxşı qurulsun. Əsas odur ki, heç vaxt yaxşı insanları yaddan çıxarmırlar. Yəni ki, yaxşı mütəxəssisləri, onlara kömək edən adamlar həmişə onların yanındadır.

Ulu öndər Heydər Əliyev Moskvada işlədiyi, Siyasi büronun üzvü olduğu dövrdə həmişə Vyetnam xalqı ilə əlaqələrin möhkəmlənməsində böyük rol oynayıb. Onların neft sektorunun bünovrəsini qoyanlardan biridir. 1983-cü ildə Ulu Öndərin Vyetnama səfəri Vyetnam xalqı tərəfindən yüksək qiymətləndirilib və bugünə qədər onların dilindən düşmür.

Orada neft sektorunun yaradılmasında Ulu Öndərin böyük əməyi olmuşdu. 1979-cu ildə SSRİ ilə Vyetnam arasında dövlətlərarası müqavilə bağlanıb və ilk kadrlar 1980-ci illərdə ora Azərbaycandan göndərilib. İki yüz nəfər orada tikinti-quraşdırma işlərinə başlayıb. 1983-cü ildə işlərin gedişinə nəzarət məqsədilə Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Heydər Əliyev birbaşa olaraq Vyetnama gedib və ölkəyə lazımi köməklik göstərilib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti