Hipermarketdəki hadisəni törədənlərdən biri məhv edilib, digəri tutulub

 Hipermarketdəki hadisəni törədənlərdən biri məhv edilib, digəri tutulub
  04 Mart 2023    Oxunub:1204
Xətai rayonunda yerləşən hipermarketlərin birində cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Əməliyyat tədbirləri davam edir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb. Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

AzVision.az



Teqlər: Bravo   Qarət  





Xəbər lenti