Füzulidə Qazaxıstanın tikiləcəyi məktəbin təməli qoyulub

Füzulidə Qazaxıstanın tikiləcəyi məktəbin təməli qoyulub
  07 Mart 2023    Oxunub:2016
İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Emin Hüseynov bildirib ki, hazırda azad olunan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan dövləti tərəfindən böyük tikinti-quruculuq işləri aparılır: “30 il ərzində mənfur düşmənin yerlə-yeksan etdiyi bu torpaqların bərpası Azərbaycan dövləti tərəfindən heç bir beynəlxalq qurumdan maliyyə dəstəyi almadan uğurla həyata keçirilir. Necə ki, dövlətimiz 44 günlük müharibədə öz gücünü göstərdi, indi də tikinti meydanında öz sözünü deyir. Analoqu olmayan bu layihə isə Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsidir”.

Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.

Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub.

Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti