Kür qurudu, yataqdan qədim əşyalar tapıldı

Kür qurudu,    yataqdan qədim əşyalar tapıldı
  08 Mart 2023    Oxunub:1420
Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb.
AzVision.az xəbər verir ki, Kürün Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində çay quruduğundan yataqdan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.

Tək və iki qulplu küplər, şirli-şirsiz saxsı qablar və 100-ə yaxın digər məişət əşyaları tapılıb. Tarixi abidələrin orta əsrlərə aid olduğu ehtimal edilir.

Artıq bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinə məlumat verilib.

Tarixi abidələr aktlaşdırılaraq Neftçala tarix-diyarşünaslıq muzeyinə veriləndən sonra tədqiqat işləri aparılacaq.

Qeyd edək ki, ötən ilin aprelində də Neftçala rayonunun Cəngan, Pirəbbə və Bala Surra yaşayış məntəqələrində Kür çayının sahilində küp qəbirlərıər aşkar edilmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti