“Rusiya artıq strateji məğlubiyyətə uğrayıb” – Qırğız ekspert

   “Rusiya artıq strateji məğlubiyyətə uğrayıb” –    Qırğız ekspert
  20 Mart 2023    Oxunub:3567
“2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan dünya artıq başqa cür olub. Böyük bir geosiyasi yol keçib. Biz sərt konturları olan yeni dünya nizamının formalaşdığını görürük”.
Bunu AzVision.az -a qırğız ekspert Edil Osmonbetov deyib. Onun sözlərinə görə, müharibə bütün dünyaya çox güclü təsir göstərib, çünki ölkələrin geosiyasi durumu dəyişib:

“Hazırda Ukraynadakı müharibə qlobal təhlükəsizliyin əsas gündəmidir. Bütün ölkələr bununla məşğuldur. Hətta Asiya regionlarında yerləşən ölkələr də dolayı və ya birbaşa humanitar, hərbi və informasiya yardımı göstərirlər. Avropa üçün bu, ekzistensial problemdir. Çünki Avropada İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki savaş var. Bu onlar üçün geosiyasi baxımdan sağ qalmaq məsələsidir. Onlar Ukraynaya hər cür kömək edəcəklər”.

Ekspertin sözlərinə görə, vacib məqamdırlardan biri NATO-nun güclənməsidir. Bundan başqa, biz Aİ-nin mütəşəkkilliyini, hərbi sənaye kompleksinin inkişafını görürük: “Yeni hərbi-texniki inqilab gedir. Bu gün böyük tədqiqat və təkmilləşdirmə işləri aparılır, buna uyğun olaraq da hərbi sənaye kompleksi tam gücü ilə işləyir. Hər növ yeni silahların yenilənməsi və çatdırılması həyata keçirilir. Müasir vasitələrin tətbiqi ilə yeni hərb elmi formalaşır və bütün bunlara yenidən baxılır”.

Osmonbetov deyir ki, postsovet məkanının taleyi Ukraynada müharibənin necə bitməsindən asılıdır. Hərbi əməliyyatların uzanması təhlükəsi var. Əvvəllər istifadə oluna bilməyən silahlar tətbiq olunacaq: “Yazda nələr olacağına baxmaq lazımdır. Hesab edirəm ki, Rusiya artıq strateji məğlubiyyətə uğrayıb. Çünki döyüşlərin ilk günlərində Kiyevi blitskriq ilə ala bilmədi. Uzun sürən müharibə isə onun beynəlxalq imicinə zərbə vurur. Qərb Ukraynanı bütün səviyyələrdə fəal şəkildə dəstəkləyən 54 ölkədən ibarət koalisiya yaradıb. Hələlik sülh sazişindən, danışıqlardan, barışıqdan danışmaq mümkün deyil. Hazırda kəskin mərhələdir. Ukrayna açıq şəkildə bəyan edib ki, həm Krımı, həm də Donbası qaytarana qədər sülh müqaviləsini imzalamayacaq. Rusiya da təslim olmaq fikrində deyil”.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Müharibə   Rusiya  





Xəbər lenti