Tanklar meydana: "Leopard 2" Ukrayna müharibəsində dönüş yarada biləcəkmi – TƏHLİL

      Tanklar meydana:     "Leopard 2" Ukrayna müharibəsində dönüş yarada biləcəkmi –    TƏHLİL
  27 Mart 2023    Oxunub:4589
Ukraynaya "Leopard 2" tanklarının verilməsini ilk dəfə baş nazir Denis Şmıqal 2022-ci il sentyabrın 4-də tələb etmişdi. O, ümumi dəyəri 1,55 milyard avro olan 100 ədəd "Leopard 2A7" tankı, habelə onlar üçün ehtiyat hissələri istəmişdi. Lakin kansler Şolts bu tələbi rədd etmişdi.
Kiyev dəfələrlə bəyan etmişdi ki, Rusiyanın təcavüzünü dəf etmək üçün onlara bu tanklar vacibdir. Amma uzun müddət Qərb Ukraynaya Almaniyanın "Leopard 2" tanklarının tədarükü ilə bağlı razılığa gələ bilmirdi. Şolts Ukraynaya bu silahların verilməsi məsələsində qətiyyətsizliyinə görə xeyli tənqid edilmişdi. Sonda isə Almaniya kansleri geri addım atmağa məcbur oldu. Uzun müzakirələrdən sonra nəhayət, Qərb dövlətləri Ukrayna Silahlı Qüvvələrinə Almaniyanın "Leopard 2" tanklarını vermək qərarına gəldilər.

Olaf Şolts yanvarın 25-də elan etdi ki, birinci mərhələdə Bundesverin ehtiyatlarından Kiyevə 14 "Leopard 2 A6" tankı göndərəcək. Berlin həm də digər ölkələrə, xüsusən Polşaya təchizat üçün icazə verdi.

Artıq ilk tanklar Ukraynadadır. Bəs onların döyüşlərə qoşulması vəziyyətdə ciddi dönüş yarada biləcəkmi?

Kimdə, nə qədər və hansından

Hazırda istifadə olunan "Leopard" tankları dörd əsas modifikasiyaya malikdir: 2A4, 2A5, 2A6 və 2A7. Avropada 800 ədəd 2A4 və eyni miqdarda 2A6, 300-ə yaxın 2A5 və 100 ədəd ən müasir 2A7 modifikasiyalı "Leopard" tankları mövcuddur.


• Yunanıstanda 180-dən çox "Leopard 2A4" və 170 "Leopard 2A6";
• Türkiyədə təxminən 300 ədəd "Leopard 2A4";
• Finlandiyada 100 "Leopard 2A4" və 100 "Leopard 2A6";
• Polşada 100-ə yaxın "Leopard 2A4", həmçinin 150-yə yaxın "Leopard 2A5";
•İsveçdə 120 "Leopard 2А5";
• Portuqaliyada 37 "Leopard 2A6";
• Danimarkada 44 "Leopard 2A7";
• İspaniyada 108 "Leopard 2A4” və 219 "Leopard 2A6";
• Hollandiyada 18 "Leopard 2A6";
• Norveçdə 36 "Leopard 2A4";
• Macarıstanda 12 "Leopard 2A4" və 44 "Leopard 2A7".

Almaniyada isə 300-ə yaxın tank var, onların əksəriyyəti 2A6 və 2A7 modifikasiyalarına aiddir. Yalnız 19 "Leopard" A5 tiplidir. Onlardan təlim məqsədləri üçün istifadə olunur. 200-ə yaxın "Leopard 2A4" istismardan çıxarıldıqdan sonra sənaye tərəfindən satın alınıb.
Almaniya və Avropanın ən böyük hərbi texnika istehsalçılarından olan "Rheinmetall" konserni təxminən 50 "Leopard 2A4" tankına malikdir. Onların təmirə ehtiyacı var. Avadanlıq mübadiləsi çərçivəsində 29 tank Çexiya və Slovakiya üçün nəzərdə tutulub.

Ukraynada rus tankları

Biz Ukraynada rusların əsasən “T-72”, qismən isə “T-90” tanklarından istifadə etdiklərini görürük. “T-72” tankları vaxtilə daha çox ixrac məqsədilə kütləvi şəkildə istehsal edilib. O, primitiv olduğuna görə Almaniya tankları ilə müqayisəyə gəlmir. “T-90” nisbətən daha müasirdir və üstün imkanlara malikdir. “T-90” tankı 1980-ci illərin ortalarında buraxılmış “T-72BU” modelinin modernləşdirilmiş variantı olmaqla, sonuncunun dizayn qüsurlarının çoxunu özündə saxlayır.


Rusların istifadədə olan ən müasir tanklarında bir necə əsas problem aşkar edilib. “T-90”ın mühərriki uzunmüddətli istifadədən sonra həddindən artıq qızmağa meyillidir. Mühərrikin resurslarının başa çatmasından əvvəl sıradan çıxması halına da rast gəlinir. Mühərrik yanacağı çox vaxt tünd qara tüstü şəklində havaya tullayır, yəni dizeli yandırmağa və turbini tam gücü ilə fırlatmağa çatdırmır. Bu isə mühərrik resursunun kəskin azalmasına səbəb olur.

“T-90”da istifadə olunan “Kontakt-5” dinamik mühafizə dəstinin müasir tank əleyhinə silahlara qarşı imkanları çox məhduddur. Ukraynadakı rus tanklarının "qüllədə manqal" ilə təchiz olunmasını müşahidə edirik. “T-90” tanklarında "Kalina" atəşi idarəetmə sistemi aşağı keyfiyyətli monitorlarla təchiz olunub və dinamik şəraitdə effektiv işləmir. Termal nişangahların imkanları da alman tanklarında olan sistemlərdən zəifdir.

Təyinatı və sursatları

Ukrayna münaqişəsində tanklardan adətən səpələnmiş və ya sığınacaqda olan canlı qüvvəyə atəş açmaq üçün istifadə olunur. "Leopard 2" tanklarının istifadə etdiyi DM 11 sursatları çoxməqsədli proqramlaşdırıla bilən qəlpəli fuqas sinfinə aiddir. Ukrayna münaqişəsi şəraitində bu mərmilər düşmənin canlı qüvvəsi üçün təhlükəli olacaq, çünki onlar proqramlaşdırıla bilən qoruyucu ilə təchiz olunublar və hədəfi həm mərminin trayektoriyasının alt hissəsində, həm də uçuş istiqamətində məhv etmək imkanına malikdirlər.


Almaniyanın "Rheinmetall" konsernin Macarıstan ilə sursat istehsalı zavodunun tikintisi üçün müqavilə imzalaması da Ukraynada istifadə olunacaq tankların sursatla fasiləsiz təchizatı məqsədini güdür.

Tanış olun: “Leopard”

"Leopard 2" üçüncü nəslə aid döyüş tankıdır. 1970-ci illərdə "Krauss-Maffei" şirkəti tərəfindən hazırlanmış bu tank 1979-cu ildə silahlanmaya qəbul edilib. Qərbi Almaniya Ordusunun əsas döyüş tankı kimi əvvəlki “Leopard 1”-i əvəz edən "Leopard 2"-nin müxtəlif versiyalarından Avropanın 13 ölkəsində, Kanada, Çili, Qətər, İndoneziya və Sinqapurda və bir sıra digər dövlətlərdə istifadə olunur.

"Leopard 2"-nin birinci nəsli şaquli qüllə zirehinə malik idi. "Leopard 2A5"-dən başlayaraq, ikinci nəsildə bucaqlı oxşəkilli və üzüaşağı meyllənmiş qüllə aplikasiyası, eləcə də digər təkmilləşdirmələr mövcuddur.
Bütün "Leopard 2" tanklarının əsas silahı "Rheinmetall" tərəfindən istehsal olunan 120 mm-lik hamar lüləli topdur. Tank rəqəmsal atəşiidarəetmə sistemi, lazer məsafəölçəni və qabaqcıl gecəgörmə, tuşlama avadanlığı ilə təzhiz olunub.

Maşını "Friedrichshafen" tərəfindən istehsal olunan V12 tipli iki ədəd turbodizel mühərriki hərəkətə gətirir.

Döyüşlərdə tətbiqi

1990-cı illərdə "Leopard 2" alman ordusu tərəfindən Kosovoda, Hollandiya tərəfindən isə Bosniya-Hersoqovinada, 2000-ci illərdə Hollandiya, Danimarka və Kanada tərəfindən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkib hissəsi olaraq Əfqanıstanda istifadə edilib.


2010-cu illərdə Türkiyə "Leopard 2" tanklarını Suriyada gedən döyüşlərdə uğurla tətbiq edib.

Qiyməti

"KraussMaffei" və "Rheinmetall" tərəfindən istehsal olunan 2A6 tankının 2007-ci ildə dəyəri 5,74 milyon ABŞ dolları, son versiya olan 2A7 versiyasının dəyəri isə 13–15 milyon avro arasında dəyişir. Ümumi istehsal sayı 3600 ədəddir. İstehsalı davam edir.

Taktiki-texniki xüsusiyyətləri

Kütləsi:
2A6: 62,3 ton;
2A7: 66,5 ton;
Uzunluğu: 9,97 metr (2A6);
Eni: 3,75 m (2A6);
Hündürlüyü: 3,0 m (2A6);
Ekipaj: 4 nəfər;
Zirehi: 3-cü nəsil kompozit; o cümlədən yüksək sərtliyə malik polad, volfram və keramika komponentli plastik doldurucu (2A6 üçün).
Əsas silahları: 1 ədəd 120 mm-lik Rh-120 L/44 və ya Rh-120 L/55 topu (42 ədəd sursatla);
Əlavə silahları: 2 ədəd 7,62 mm MG3A1 və ya 2 ədəd 7,62 mm FN MAG pulemyotu (4750 ədəd sursatla);
Mühərriki: 1500 at gücündə MTU MB 873 Ka-501 markalı iki turbinə malik və maye ilə soyudulan V12 tipli dizel;
Güc/çəki nisbəti:
2A6 üçün 24,1 at g./t;
2A7V üçün: 22,6 at g./t;

Asqısı: Burulma çubuğu (torsion);
Yanacaq çəninin tutumu: 1200 litr;
Ehtiyat məsafəsi: 340 km;
Torpaq yolda: 220 km;
Maksimum sürəti: 75 km/saat .

Nəticə

Əgər biz Ukrayna kontekstində iki münaqişə tərəfinin yaxın perspektivdə baş verəcək tank döyüşünü dəyərləndirsək, 3 faktor daha çox əhəmiyyət daşıyacaq:
1. Manevr imkanları;
2. Atəşi idarəetmə sistemi
3. Ərazidə keçicilik imkanları.


Son müharibə və döyüşlərin təcrübəsi göstərir ki, daha sürətli hərəkət edən, dəqiq və tez atəş açan texnika müharibədə uzun müddət sağ qala bilir. Manevrdə gecikmə düşmənə artilleriya atəşini nizamlamağa və sizə qarşı yönləndirməyə vaxt qazandırır. Müasir transmissiya ən zəif "Leopard 2A4" tankına belə 75 km/saat sürət yığmağa imkan verir. Bu, rus tanklarından daha üstün göstəricidir.

Almaniya və Rusiya istehsalı olan tankların atəşi idarəetmə sistemlərinin imkanları arasında fərq o qədər aşkardır ki, onları rus istehsalçısı özü belə etiraf edir.

Bildiyiniz kimi, davamlı yağışlar Ukraynanın qara torpağını palçığa çevirir ki, bu da zirehli texnikanın torpağa təzyiq göstəricisinin əhəmiyyətini artırır. "Leopard" tankının torpağa xüsusi təzyiq göstəricisi “T-90A” tankları ilə eynidir, “T-90M”-dən üstündür, amma “T-72B3”-dən bir qədər aşağıdır.

Bütün bu faktlara görə gözlənilən tank döyüşü zamanı "Leopard 2" yumşaq torpaq şəraitində belə rus tanklarından bir çox parametrlərdə üstün olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Tank   Müharibə   Ukrayna   Leopard-2  





Xəbər lenti